AZ

Məktəb psixoloqlarının sertifikasiyası vacibdir, amma formal yox - Günay Əkbərova

"Məktəblərdə baş verən son hadisələr fonunda psixoloqların rolu artıq “əlavə xidmət” yox, sistemin mərkəzi hissəsi kimi görünməlidir. Bu baxımdan onların sertifikatlaşdırılması məncə vacibdir, amma sadəcə formal bir imtahan kimi yox, real peşəkarlığı ölçən və inkişaf etdirən bir proses kimi".

Bu fikirləri Redaktor.az-a məktəb psixoloqlarından danışan Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova dedi.

Onun sözlərinə görə, dünya təcrübəsində bir çox ölkələrdə məktəb psixoloqları yalnız diplomla kifayətlənmirlər:

"Məsələn, Finlandiya və Kanada kimi ölkələrdə psixoloqlar mütəmadi olaraq həm sertifikasiya, həm də davamlı peşəkar inkişaf proqramlarından keçirlər. Bu, iki vacib nəticə verir: birincisi, xidmətin keyfiyyəti standartlaşır; ikincisi isə psixoloq özü də daim yenilənir. Amma burada incə bir məqam var. Sertifikasiya sadəcə “yoxlama” funksiyası daşıyarsa, bu, psixoloqlar üçün əlavə stresə çevrilə bilər və real dəyişiklik yaratmaz. Əsas məqsəd dəstək mexanizmi qurmaq olmalıdır. Yəni sertifikasiya prosesi praktik bacarıqları ölçməli, real məktəb situasiyalarına əsaslanmalı və ən əsası, inkişaf üçün geri bildirim verməlidir. Biz məktəblərdə çox yaxşı bilirik ki, hər problem “test nəticəsi” deyil, bəzən bir uşağın davranışının arxasında ailə, sosial mühit, hətta travma dayanır. Bu hallarda güclü və peşəkar psixoloq müəllimin də ən böyük dayağına çevrilir. Ona görə də mən belə düşünürəm: bəli, sertifikasiya vacibdir, amma məqsəd “kim keçdi, kim qaldı” yox, “kim necə daha yaxşı işləyə bilər” olmalıdır. Əgər bu yanaşma ilə qurulsa, həm psixoloqların nüfuzu artar, həm də məktəbdə uşaqlar özlərini daha güvənli hiss edər. Çünki sonda məsələ çox sadədir, yaxşı psixoloq bir məktəbdə bəzən onlarla problemin qarşısını əvvəlcədən ala bilir. Bu isə artıq sadəcə təhsil yox, cəmiyyət məsələsidir".

NURİYYƏ

Seçilən
68
1
redaktor.az

2Mənbələr