ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 30 aprel, AZƏRTAC
Qəhvəyi mərmər bağacığı ciddi təhlükə yaradan zərərvericilərdən biridir. 300-dən çox bitki növü ilə qidalanaraq məhsuldarlığın azalmasına səbəb olur. Ölçüsü 12-17 millimetr olan bu həşərat qəhvəyi rəngli, ləkəli və armudvari bədən quruluşuna malikdir. 35-100 kilometr məsafəni uça bilməsi onun sürətlə yayılmasına şərait yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, yaz və yay aylarında əkin sahələrində mütəmadi müşahidə aparmaq vacibdir. Xüsusilə yarpaqların alt hissəsi, tumurcuqlar və meyvə saplaqları nəzərdən keçirilməlidir. Zərərverici aşkar edildikdə sahələrdə və təsərrüfat tikililərində feromon tələlərin quraşdırılması effektiv üsullardan biridir.
Yaşayış yerlərində isə mebel arxaları, divar boşluqları və digər gizli sahələr yoxlanılmalıdır. Bağacıq aşkar edilərsə, süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi tövsiyə olunur.
Kimyəvi mübarizə tədbirləri isə yalnız mütəxəssis tövsiyəsi ilə və axşam saatlarında aparılmalıdır.
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
- 1003 - Çağrı Mərkəzi
- (+994) 99 708 85 88 (qərb rayonları üzrə)
- (+994) 99 308 85 88 (şimal-qərb rayonları üzrə)
- Aqrar Xidmətlər Agentliyi: 088-588
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.