Rusiya və Qazaxıstan yaxın illər üçün xarici işlər nazirlikləri arasında birgə fəaliyyət planını imzalamağı və ticarət-iqtisadi əlaqələri, xüsusilə də 55 milyard dollardan çox investisiya portfelini müzakirə edəcəklər.
TASS Agentliyi xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bununla bağlı Astanaya səfər edəcək. Onun səfərinin əsas məqsədi Rusiya Prezidenti Vladimir Putinin mayın sonuna planlaşdırılan dövlət səfərinə hazırlıqdır. Eyni zamanda, S.Lavrovun həmkarı Yermek Koşerbayev və Prezident Kasım-Jomart Tokayev ilə danışıqlarının əsas qayəsini mayın 28-29-da keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində reallaşacaq yüksək səviyyəli səfərin detalları təşkil edir.
Görüşlərdə beynəlxalq platformalarda koordinasiyalı fəaliyyət məsələləri də nəzərdən keçiriləcək. Qazaxıstan Rusiyanı özünün aparıcı ticarət və investisiya tərəfdaşı kimi görür və bu səfər iki ölkə arasındakı müttəfiqlik münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq məqsədi daşıyır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”