AZ

Memar: WUF13 çərçivəsində Qarabağda “yaşıl infrastruktur” və “ağıllı şəhər” modelləri önə çıxır

Bakı, 30 aprel, AZƏRTAC

Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi təsadüfi deyil və bu, Azərbaycanın urban inkişafda yeni mərhələyə keçidə hazır olduğunu göstərir. Müasir çağırışlar fonunda şəhərsalma və memarlıq sahəsində yanaşmalar köklü şəkildə dəyişir, xüsusilə iqlim dəyişiklikləri və urban sıxlıq kimi amillər yeni standartlar formalaşdırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında şəhərsalma memarı, professor Cahid Həsənov bildirib.

Cahid Həsənov qeyd edib ki, əvvəlki dövrlərdə formalaşmış şəhərsalma modelləri artıq müasir tələblərə cavab vermir: “Bu gün dünya şəhərləri iqlim dəyişiklikləri, ətraf mühitin qorunması və insan komfortu kimi prioritetlərlə üz-üzədir. Sıx tikinti, təbii havalandırmanın zəif olması kimi problemlər yeni urban yanaşmaların zəruriliyini ortaya qoyur”.

O qeyd edib ki, forum bu istiqamətdə yeni model və yanaşmaların müzakirəsi üçün vacib platformadır: “Artıq şəhərlərin planlaşdırılmasında təbii işıqlanma, havalandırma, yaşıllıq zolaqlarının genişləndirilməsi və ekoloji balans əsas prioritetlərdəndir. Bu, həm də “ağıllı şəhər” konsepsiyasının əsasını təşkil edir”.

C.Həsənov vurğulayıb ki, “ağıllı şəhər” anlayışı yalnız texnoloji həllərlə məhdudlaşmır. Burada əsas məsələ insanların rahat və sağlam mühitdə yaşamasının təmin olunmasıdır. Binaların iqlimə uyğun yerləşdirilməsi, günəş işığının optimal istifadəsi, təbii havalandırmanın qorunması kimi amillər müasir memarlığın əsas elementləridir.

Professor əlavə edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələr bu baxımdan unikal imkanlar yaradır. “Bu ərazilərdə sıfırdan qurulan yaşayış məntəqələri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi üçün ideal platformadır. Burada həm müasir texnologiyalar, həm də ekoloji və funksional planlama prinsipləri paralel şəkildə tətbiq olunur. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Azərbaycan təcrübəsi, xüsusilə postmünaqişə dövründə şəhərlərin sürətli və dayanıqlı bərpası nümunəsi forum çərçivəsində dünya ictimaiyyətinə təqdim olunacaq”, - deyə o vurğulayıb.

Memarın fikrincə, yaşıl zonaların artırılması, park və xiyabanların genişləndirilməsi şəhərlərin ekoloji dayanıqlığını gücləndirən əsas amillərdəndir: “Təbii oksigen balansının qorunması, insanların gündəlik həyatında keyfiyyətli mühitin yaradılması müasir şəhərsalmanın əsas məqsədlərindəndir”.

C.Həsənov qeyd edib ki, Azərbaycanın memarlıq ənənələri və müasir yanaşmaları sintez etmək potensialı yüksəkdir və belə beynəlxalq tədbirlərin Bakıda təşkili ölkənin bu sahədə mövqeyini daha da gücləndirir.

Müxbir - Pərvanə Qafarova

Seçilən
48
1
azertag.az

2Mənbələr