AZ

“App Store”da illik planlar aylıq ödənəcək

“Apple” həm istifadəçilər, həm də tərtibatçılar üçün inqilabi abunəlik modelini təqdim etməyə hazırlaşır. Yeni sistem sayəsində istifadəçilər illik abunəlik haqqını birdəfəlik deyil, 12 aya bölünmüş hissələrlə ödəyə biləcəklər.

Bu model ənənəvi aylıq abunəliklərdən fərqlənir. İstifadəçi aylıq ödəniş etsə də, faktiki olaraq 12 aylıq öhdəlik götürür. Beləliklə, o, illik paketlərə tətbiq olunan xüsusi endirimlərdən yararlanır, lakin ödəniş yükünü il ərzində hissə-hissə bölüşdürür. Qeyd edək ki, abunəlik ləğv edilsə belə, götürülmüş maliyyə öhdəliyi qüvvədə qalır və qalan aylar üçün ödənişlər davam edir. Bütün maliyyə əməliyyatları “Apple” hesabı vasitəsilə icra olunacaq. Ödənişlərdə gecikmə və ya uğursuzluq yaranarsa, hesaba müəyyən məhdudiyyətlər tətbiq edilə bilər.

Yeni funksiyadan yararlanmaq üçün cihazın əməliyyat sistemi minimum 26.4 versiyasında olmalıdır. Sistemin rəsmi olaraq may ayında təqdim ediləcək 26.5 yeniləməsi ilə tam istifadəyə verilməsi planlaşdırılır. Bu model hər iki tərəf üçün faydalıdır: istifadəçilər büdcələrinə qənaət edərək sərfəli qiymətlərdən yararlanır, tərtibatçılar isə daha sabit və uzunmüddətli müştəri bazası qazanırlar.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
37
azerbaijan-news.az

1Mənbələr