ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bu gün Azərbaycan Dövlət Film Fondunda Azərbaycanın xalq artisti tanınmış teatr, kino və televiziya rejissoru, əməkdar incəsənət xadimi Ramiz Həsənoğlunun 80 illik yubileyinə həsr olunmuş “Sənin boyun ucadır” sənədli filminin təqdimat mərasimi keçirildi.

Bizimyol.info xəbər verir ki, mərasimdə mədəniyyət nümayəndələri, bir çox məşhur aktyorlar, TV işçiləri, teatrşünaslar, rejissorlar, tanınmış jurnalistlər iştirak ediblər.
Yüksək səviyyədə təşkil olunmuş tədbir kinorejissor Cəmil Quliyevin moderatorluğu ilə keçirildi.
Qonaqları salamlayan kinorejissor tədbirin Baku TV-nin yubilyara həsr etdiyi layihə çərçivəsində təşkil olunduğunu və filmin rejissorunun İman Məcidov olduğunu bildirdi.
Sonra Ramiz Həsənoğlunun həyat və yaradıcılıq yolu, müxtəlif illərdə çəkilmiş maraqlı kadrlar, fotolentlər və filmlərdən fraqmentlər çox peşəkar şəkildə təqdim olunmuşdu. Komediya janrında “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Ordan-burdan”, “Ac həriflər”, “Nigarançılıq”, eləcə də, dram janrında “Günahsız Abdulla”, “Cavid ömrü” və başqa film və tamaşalardan qısa epizodlar nümayiş etdirildi. Filmdə həmin illərə sanki bir ekskursiya edilir, dövrün ab-havası tamaşaçıya yenidən yaşadılırdı.
Tədbir iştirakçılarına "Qobustan" jurnalının sənətkarın 80 illiyinə həsr olunmuş nömrəs paylanıldı.
Xalq artistinə həsr olunmuş tədbirdə bir-birindən maraqlı çıxışlar səsləndirildi, mükafatlar və təltiflər təqdim olundu.
Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, xalq yazıçısı Anar, Azərbaycan Konematoqrafçılar İttifaqının birinci katibi xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Hacı İsmayılov, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, ədəbiyyatşünas, Azər Turan, "Qobustan" jurnalının baş redaktoru Pərvin Nurəliyeva, tanınmış telejurnalist İlhamiyyə Rza və başqa incəsənət xadimləri öz ürək sözlərini, təbriklərini, təəssürartlarını Ramiz Həsənoğluya ünvanladılar. Xalq artistinə “Sənətkar” medalı təqdim olundu.
Sonda aktyor və aktrisalar, teatrşünaslar və rejissorların Xalq artisti haqqında, eləcə də, çəkiliş zamanı baş verən maraqlı epizodlarla bağlı çıxışları nümayiş etdirildi.
Sənətkarın 80 illik yubileyini təbrik edir, oba uzun ömür, can sağlığı arzulayırıq.
Günel Həsənova,
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.