AZ

Cəmiyyət kriminal xəbərlərə niyə bu qədər maraq göstərir? Media ekspertindən AÇIQLAMA

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mediada qətl və digər kriminal hadisələrlə bağlı xəbərlərin artması ictimai müzakirələrə səbəb olur. Bu cür məlumatların tez-tez təqdim olunması auditoriyada narahatlıq və neqativ psixoloji təsir yarada bilər. Ekspertlər hesab edirlər ki, xəbər siyasətində balansın qorunması və sensasiyaçılıqdan uzaq durmaq vacibdir.

Bəs kriminal xəbərlərin bu qədər geniş şəkildə verilməsi ictimai şüura mənfi təsir göstərirmi və media bu balansı necə qorumalıdır? 

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib ki, kriminal xəbərlər həmişə mətbuatda marağa səbəb olub və olacaq. Hər hansı bir qanun pozuntusu, bunun ətrafında baş verən proseslər insanları cəlb edir.

Onun sözlərinə görə, cinayət hadisələri bir tərəfdən maraq doğurur, digər tərəfdən isə hansısa formalarda yaşamaqda davam edir: “Məsələn, tanınmış rus yazıçısı Fyodor Dostoyevski kriminal xronikanı diqqətlə izləyirmiş. Maraqlı bir halla üzləşdikdə, bunu öz əsərlərində istifadə edərmiş. Onun kimi onlarla qələm adamı real həyatda baş vermiş kriminal hadisələri ölməz əsərlərə çevirə bilib. Günümüzdə ictimai rezonans doğuran cinayətlər köşə yazarları, analitik mövzulara üstünlük verən jurnalistlər üçün bir tapıntıdır. Televiziyalarda da illər öncə baş vermiş kriminal hadisələrlə bağlı xeyli layihə var. Bu istiqamət nəinki adi vətəndaşları, həm də psixoloqlar, hüquqşünaslar kimi bir sıra sahələrdə çalışan insanları cəlb edir. Bir sözlə, kriminal xəbərlər həmişə gündəmdədir”.

Ekspert qeyd edib ki, bu cür xəbərlərin sayı və mediada balansın qorunması məsələsi bəzən jurnalistdən və ya mətbuat orqanından asılı olmur: “Ölkədə nə qədər kriminal hadisə varsa, bir o qədər də xəbər verilir. Hətta deyərdim, bir sıra saytların heç xüsusi kriminal müxbiri də yoxdur, heç də hər qurum jurnalisti məhkəmə zalına yollamaq niyyətində deyil. Sadəcə bəzi hallar daha çox ictimai rezonans doğurduğu halda jurnalistlər də o yöndə daha çox məlumat paylaşırlar.

Kriminal xəbərlərin bolluğu əhalinin ümumi psixoloji durumuna təsir edə bilərmi? Bəli, edə bilər. Bu da daha çox özünü intihar xəbərlərində əks etdirir. Özünə qəsd etməyə meyilli olan hansısa şəxs belə xəbərlərin təsiri ilə müəyyən əməllərə əl ata bilər. “Hansı xəbəri verək?” sualı daha çox ölkənin böyük xəbər istehsalçılarını düşündürməlidir. Bildiyimə görə, bəzi xəbər agentliklərində artıq ictimai çəkisi olmayan intihar və kriminal xarakterli məlumatları verməmək qərarı var”. 

Oğuz Ayvaz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
azpolitika.info

1Mənbələr