Varşava Moskvanın hücumlarını kiber və diversiya səviyyəsində qiymətləndirir...
Poliqon xəbər verir ki, The Times qəzetinin məlumatına görə, Polşa Silahlı Qüvvələrinin general-leytenantı Kşiştof Krol Rusiyanın artıq Polşa-ya qarşı hibrid müharibə apardığını bildirib.
Generalın sözlərinə görə, ötən il ölkə daxilinin dərinliklərində pilotsuz uçuş aparatları vurulub, minlərlə kiberhücum qeydə alınıb və qış dövründə Polşanın enerji sistemini sıradan çıxarmağa yönəlmiş cəhdlər olub. O, həmçinin dəmir yolu infrastrukturuna qarşı həyata keçirilən sabotajın yüzlərlə insanın həyatını təhlükə altına atdığını qeyd edib.
Krol bu vəziyyətin NATO-nun kollektiv müdafiə mexanizmi olan 5-ci maddəsinin nə zaman işə düşə biləcəyi sualını aktuallaşdırdığını bildirib. Onun fikrincə, alyans hibrid hücumlara qarşı daha sərt və koordinasiyalı cavab verməlidir.
General əlavə edib ki, ABŞ-ın Kiyev forumunda görünməməsi diqqət çəkib, lakin Polşa Vaşinqtonun regionda daha aktiv iştirakını vacib hesab edir. Eyni zamanda, Avropa ölkələrinin müdafiə yükünü daha çox üzərlərinə götürəcəyi və Ukraynanın təhlükəsizlik arxitekturasında əsas elementlərdən biri olaraq qalacağı vurğulanıb.
Polşa hərbi gücünü genişləndirərək ordunun sayını 300 min nəfərə çatdırmağı planlaşdırır, 200 min nəfərlik ehtiyat qüvvə formalaşdırır və müdafiə xərclərini ÜDM-in 4,8 faizi səviyyəsinə qaldırır.
Ölkə həmçinin Cənubi Koreyanın K2 və ABŞ istehsalı Abrams tanklarını alaraq 2030-cu ilə qədər 900 tanklıq donanma hədəfləyir. Bundan əlavə, Fransa ilə nüvə çəkindirmə imkanlarının genişləndirilməsi müzakirə olunur.
Krolun fikrincə, NATO tam hazırlıqlı olduğu halda Rusiya hərbi baxımdan məğlub edilə bilər.
Poliqon.info