AZ

"Başqa sözü olan varsa, buyursun, birbaşa şəxsimə yazsın" — İlkin Əhmədov

"Bu gün verdiyim müsahibə ilə bağlı özüm də bir açıqlama vermək istəyirəm. Söhbət, təbii ki, bizim el havamız olan, toylarımızın yaraşığı, həqiqi gözəlliyi sayılan “Vağzalı”dan gedir".

Bu sözləri Əməkdar artist İlkin Əhmədov sosial şəbəkədə paylaşdığı videoda deyib. O, bu gün verdiyi müsahibəyə aydınlıq gətirib:

Son vaxtlar bir çoxunuz da görürsünüz ki, bu mövzuda müəyyən təbliğat, daha doğrusu, mən deyərdim ki, anti-təbliğatlar gedir. Guya “Vağzalı” artıq istənilmir, guya bəylə gəlin, gənclər onun toylarında səslənməsinə etiraz edirlər və sair.

Bu cür fikirlərə mən, əlbəttə ki, biganə qala bilməzdim və öz mövqeyimi bildirməliydim. Açıq deyirəm: mən qətiyyən inanmıram ki, azərbaycanlı bir ailə öz toyunda “Vağzalı”nın səslənməsinə etiraz etsin. Bəli, ola bilər ki, bəy və gəlinin zala daxil olma mərasimi üçün fərqli kompozisiyalar seçilsin, fərqli təqdimatlar olsun. Buna heç bir etirazım yoxdur. Amma heç olmasa bəy-gəlinin evdən çıxışı zamanı “Vağzalı”nın səslənməməsi mənə inandırıcı gəlmir.

Eyni ilə toy bitdikdən sonra, bəy-gəlinin yola salınması zamanı “Vağzalı”nın səslənməməsi də mənim üçün mümkün görünmür. Mən belə bir halın geniş şəkildə mövcud olduğuna inanmıram. Bəli, istisnalar ola bilər. Kimsə deyə bilər ki, mən toyumu ümumiyyətlə qapalı, sakit şəkildə keçirmək istəyirəm, çox səs-küy, müəyyən musiqilər olmasın. Bu da mümkündür, amma bu, 1000 toyda bəlkə bir dəfə rast gəlinən haldır.

Ümumilikdə isə iki gənc öz toyunda “Vağzalı” səslənməsin, istəmirəm" deyirsə, sözümün arxasındayam. Yenə də deyirəm ki, deməli bunun qanı, geni Azərbaycan qanından və genindən deyil. Başqa sözü olan varsa, buyursun, birbaşa şəxsimə yazsın".

Qeyd edək ki, Azxeber.com-a müsahibəsində ""Vağzalı” bizim toylarımızın himnidir. Bunu hər zaman demişəm və sözümün üstündə dururam. Əgər bəy və gəlinin qanı, geni təmizdirsə, onlar "Vağzalı”nı seçəcəklər. Bu da onlara böyük məsuliyyət hissi verəcək" sözlərini demişdi. Onun bu fikirləri sosial şəbəkədə birmənalı qarşılanmamışdı.(axşam.az)

Seçilən
28
musavat.com

1Mənbələr