ABŞ-ın texnologiya nəhəngi Apple üç aylıq dövrdə gəlirini illik müqayisədə təxminən 17 faiz artıraraq bazar gözləntilərini üstələyib.
Maliyyə təqviminə görə 28 mart 2026-cı ildə başa çatan üç aylıq dövrü 2026-cı maliyyə ilinin ikinci rübü kimi qəbul edən Apple şirkəti, həmin dövrə dair maliyyə hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəliri ötən ilin eyni dövründəki 95,4 milyard dollardan təxminən 17 faiz artaraq 111,2 milyard dollara yüksəlib.
Eyni dövrdə xalis mənfəət də 19 faiz artaraq 24,8 milyard dollardan 29,6 milyard dollara yüksəlib. Şirkətin səhmbaşına mənfəəti isə 1,65 dollardan 2,01 dollara qalxıb.
Apple-ın həm gəliri, həm də xalis mənfəəti qeyd olunan dövrdə bazar proqnozlarını üstələyib.
iPhone satışları artıb
Bu dövrdə Apple-ın iPhone, Mac və iPad satışlarında artım qeydə alınıb.
iPhone satışları 28 martda başa çatan üç aylıq dövrdə illik müqayisədə 22 faiz artaraq təxminən 56,99 milyard dollar səviyyəsinə çatıb. Lakin satışların artmasına baxmayaraq, bu göstərici bazar proqnozundan (proqnoz 57,21 milyard dollar) aşağı qalıb.
Eyni dövrdə Mac satışları təxminən 6 faiz artaraq 8,4 milyard dollar, iPad satışları isə 8 faiz yüksələrək 6,9 milyard dollar təşkil edib.
100 milyard dollara qədər səhm geri alımı elan edilib
Şirkətin açıqlamasında bildirilib ki, xidmətlərdən əldə olunan gəlir 16 faiz artaraq 30,98 milyard dollara yüksəlib və rüblük əsasda rekord həddə çatıb.
Apple Direktorlar Şurasının səhmbaşına 0,27 dollar nağd dividend ödənilməsi barədə qərar qəbul etdiyi və bunun 4 faizlik artıma işarə etdiyi qeyd olunub.
Açıqlamada həmçinin Direktorlar Şurasının Apple-ın adi səhmlərinin 100 milyard dollara qədər geri alınmasını nəzərdə tutan proqramı təsdiqlədiyi bildirilib.