Məlum olduğu kimi, “Güclü Ermənistan” Partiyasının sədr müavini Narek Karapetyan iddia edib ki, Ermənistan Azərbaycan vətəndaşlarına ölkə ərazisindən torpaq almaq icazəsi verib. Karapetyanın iddiasına görə, “Torpaq Məcəlləsi”ndə bu aydın şəkildə göstərilib. Onun sözlərinə görə, Paşinyan yenidən seçilərsə, azərbaycanlılar Ermənistanda kütləvi şəkildə torpaq almağa başlayacaqlar.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, bu, ermənilərin növbəti cəfəng uydurmasıdır.
Onun sözlərinə görə, məsələ qətiyyən Karapetyanın dediyi kimi deyil, o, ağlına gələn kimi yazır: “Bu, Ermənistanda keçiriləcək seçki ərəfəsində Paşinyanın mövqeyini zəiflətmək məqsədilə ona qarşı keçirilən kampaniyadır. Ermənistan adlanan dövlət tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bizim çox sayda soydaşımız Qərbi Azərbaycandan uzun illər boyu deportasiya olunublar. Deportasiya prosesi 1905-1907-ci illərdə erməni-müsəlman davası zamanı, 1918-1920, 1948-1953-cü illərdə və sonrakı müddətdə davam edib. Orada müxtəlif yollarla azərbaycanlılar sıxışdırılıb, hüquqsuz kəsimə çevriliblər, başlarını götürüb çıxıblar. Son dövrlər 1988-ci ildə ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qoydular, onda da azərbaycanlılar, Qərbi Azərbaycanda yaşayan soydaşlarımız vəhşicəsinə öldürülməklə, başlarına min cür müsibət açılmaqla ermənilər tərəfindən doğma yurd-yuvalarından qovuldular. Bugün Qərbi azərbaycanlılar öz doğma ata-baba yurdlarına qayıtmaq iddiasını irəli sürürlər. Bizim Qərbi Azərbaycan İcmamız var, qayıdışla bağlı işlər görülür, burada qeyri-qanuni bir şey yoxdur. Qərbi azərbaycanlılar tələb edirlər ki, hüquqlarımız, təhlükəsizliyimiz təmin edilməklə, beynəlxalq səviyyədə qanunlara əməl olunmaqla dinc formada ata-baba yurdlarına qayıtsınlar. Bu heç də Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq alması məsələsi deyil. İddialar erməni şər-şəbədəsidir. Qayıdış tamam başqa bir şeydir. Görün onlar nə cür şərləyirlər?! Guya Paşinyanın səhv siyasəti ucbatından Azərbaycan vətəndaşları gedib Ermənistanda torpaq, mal-mülk almaq istəyirlər. Müharibə yolu ilə deyil, dinc qaydada, beynəlxalq qayda-qanuna riayət edilməklə onların hüquqları, təhlükəsizlikləri təmin olunmaqla öz doğma yurdlarına qayıtmaq məsələsidir. Gələcəkdə də bəlkə Ermənistan vətəndaşları da gəlib Azərbaycanda mal-mülk, torpaq ala bilərlər?! Onların işlətdikləri fırıldağa, söylədikləri cəfəng düşüncələrə fikir verirsinizmi? Necə ki, torpaqlarımızı işğaldan azad edib, Qarabağdan, Şərqi Zəngəzurdan olan biz, məcburi köçkünlər yurd-yuvamıza qayıdırıq, eləcə də Qərbi azərbaycanlılar... Demirlər ki, ermənilər ordan çıxıb getsinlər. Qərbi Azərbaycan İcması və Azərbaycan dövləti olaraq biz bu iddianı irəli sürmürük, sadəcə olaraq, Qərbi Azərbaycandan olan soydaşlarımız öz doğma yurdlarına, dədə-baba torpaqlarına dinc formada, bütün hüquqları təmin olunmaqla qayıtmaq fikrini irəli sürürlər. Bu, onların hüququdur. Azərbaycan və Ermənistan da, BMT də, insan hüquqları ilə məşğul olan beynəlxalq qurumlar da prosesdə kömək etməlidirlər. Amma qətiyyən ermənilərə Azərbaycanda əmlak almaq icazəsi verilə bilməz. Azərbaycan erməninin vətəni deyil. Qərbi Azərbaycan tarixi Azərbaycan, türk torpaqlarıdır. Ermənilər ora sonradan köçürülüb, yerləşdirilib. Azərbaycan ərazisi erməni torpağı deyil ki onlar gələcəkdə iddia irəli sürə bilsinlər”.
Şəhanə Quliyeva