AZ

Ürəyin qocalmasını ləngitmək olacaq

Yapon alimləri müəyyən ediblər ki, mitorubin adlı birləşmə ürəyin funksiyasının yaşla bağlı zəifləməsini ləngidə və hətta onu qismən bərpa edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Qakusyuin Universitetinin professoru Siqeru Yanaqiyə istinadla məlumat yayıb.

Tədqiqatçılar təbii birləşmə olan berberin əsasında yaradılmış eksperimental maddə olan mitorubinin təsirini araşdırıblar. Berberin tibdə istifadə olunur və zirinc, qızılçətir, Amur məxməri kimi bəzi bitkilərin tərkibində mövcuddur. Preparatın hüceyrə energetikasına təsirini anlamaq üçün onun təsiri siçan hüceyrələri üzərində sınaqdan keçirilib.

Alimlərin sözlərinə görə, yaş artdıqca mitoxondrilərin sayı azalır, onların funksiyaları zəifləyir və bu, ürək əzələsinin vəziyyətinə mənfi təsir göstərir. Araşdırma göstərib ki, mitorubin mitoxondrilərin “keyfiyyət nəzarəti”nə cavabdeh olan MITOL molekullarının səviyyəsini artırır və onların sayının çoxalmasına şərait yaradır.

Nəticədə hüceyrələrin enerji istehsal etmək qabiliyyəti güclənir ki, bu da eksperimentin nəticələrinə əsasən, ürəyin fəaliyyətinin yaşla bağlı pisləşməsini ləngitməyə və hətta onun funksiyalarını qismən bərpa etməyə kömək edir.

Seçilən
25
5
publika.az

7Mənbələr