AZ

“SEÇİCİLƏR ƏSASƏN SOSİAL MƏSƏLƏLƏRİ QALDIRIRLAR...” “Naxçıvanda xidmətlərin əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşıb”

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Siyavuş Novruzov: “Sistemli xarakter daşıyan problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır”

Milli Məclisin Regional məsələlərlə iş komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının əsas simalarından olan Siyavuş Novruzov “AzPolitika”nın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Sİyavuş müəllim, deputat kimi ictimai-siyasi həyatda fəaliyyətiniz əvvəlki dövrlə müqayisədə bir qədər sönük görünür. Bu, nə ilə bağlıdır?

- Milli Məclisin deputatı kimi fəaliyyətim Azərbaycan Respublikasının Konstitusiyasına, qüvvədə olan qanunvericiliyə və seçicilərim qarşısında daşıdığım yüksək məsuliyyətə əsaslanır. Əsas prioritetlərim qanun yaradıcılığı prosesində fəal iştirak etmək, seçicilərin müraciətlərini operativ, obyektiv və qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırmaq, onların sosial rifahının yüksəldilməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə əlaqəli və məqsədyönlü fəaliyyət göstərməkdir.

Eyni zamanda, parlament diplomatiyası çərçivəsində beynəlxalq əlaqələrin inkişafına töhfə vermək, ölkəmizin mövqeyini beynəlxalq platformalarda layiqincə təmsil etmək fəaliyyətimin mühüm istiqamətlərindəndir.

- Bəs, seçicilərin problemləri? Onların qaldırdığı məsələlərlə məşğul ola bilirsiz?

- Seçicilərlə mütəmadi görüşlərin keçirilməsi, onların problemlərinin yerində öyrənilməsi və həlli üçün konkret və təsirli addımların atılması da daim diqqət mərkəzində saxlanılır. Qeyd edim ki, ümumilikdə deputatın hüquqi statusu və fəaliyyət prinsipləri Konstitusiya, “Milli Məclisi deputatının statusu haqqında” Qanun və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Nəticədə deputat fəaliyyəti həm qanunvericilik təşəbbüslərinin irəli sürülməsi, həm də vətəndaşların hüquq və mənafelərinin müdafiəsi baxımından çoxşaxəli və məsuliyyətli bir fəaliyyətdir.

- Milli Məclisdə təmsil etdiyiniz Naxçıvanda rəhbər dəyişikliyindən sonra oradakı vəziyyətlə bağlı deputatlar demək olar, danışmırlar. Mövcud durumu necə dəyərləndirmək olar?

- Naxçıvan Muxtar Respublikasında son dövrlərdə həyata keçirilən struktur və institusional islahatlar regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, idarəetmə sisteminin müasir tələblərə uyğunlaşdırılması və vətəndaş məmnunluğunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu dəyişikliklər dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın və səmərəliliyin gücləndirilməsinə, eyni zamanda idarəetmə mexanizmlərinin optimallaşdırılmasına yönəlmiş kompleks tədbirlər paketinin tərkib hissəsidir.

- Hansı islahatlar aparılıb?

- Əksər sahələrdə islahatlar aparılır. Onların çərçivəsində dövlət idarəetmə strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, bəzi qurumların funksiyalarının yenidən müəyyənləşdirilməsi, mərkəzi icra hakimiyyəti orqanları ilə əlaqələndirmənin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu proseslər Prezidentin fərman və sərəncamları, eləcə də “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” müvafiq qanunlar, həmçinin dövlət idarəçiliyinin təkmilləşdirilməsinə dair normativ-hüquqi aktlar əsasında həyata keçirilir.

- Əsas məsələ - əhali üçün nə dəyişib?

- Məsələn, elektron xidmətlərin tətbiqi və rəqəmsallaşma prosesinin sürətləndirilməsi nəticəsində dövlət-vətəndaş münasibətlərində çeviklik və operativlik artıb, xidmətlərin əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ümumilikdə, vurğulayım ki, aparılan islahatlar Naxçıvan Muxtar Respublikasında idarəetmənin daha çevik, şəffaf və effektiv modelinin formalaşdırılmasına, regionun dayanıqlı inkişafına və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir və bu istiqamətdə ardıcıl tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

- Siyavuş müəllim, seçicilərlə görüşlərdə daha çox hansı problemlər qaldırılır?

- Seçicilər tərəfindən qaldırılan məsələlər əsasən sosial-iqtisadi xarakter daşıyır. Bunlara məşğulluq imkanlarının artırılması, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, infrastruktur layihələrinin genişləndirilməsi, səhiyyə və təhsil sahəsində xidmətlərin əlçatanlığının artırılması daxildir.

- Kömək edə bilirsiz?

- Əlbəttə, deputat olaraq bu müraciətlərin hər biri diqqətlə araşdırılır, aidiyyəti dövlət qurumlarına yönləndirilir və onların həlli nəzarətdə saxlanılır. Eyni zamanda, sistemli xarakter daşıyan problemlərin qanunvericilik təşəbbüsləri vasitəsilə aradan qaldırılması istiqamətində də işlər aparılır.

- Ölkədə ümumilikdə hakimiyyət-vətəndaş münasibətlərini necə dəyərləndirisiz?

- Çox yaxşı. Daxili siyasətdə əhalinin sosial rifahının yüksəldilməsi, iqtisadi inkişafın davamlılığının təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi əsas istiqamətlər kimi müəyyən olunmuşdur. Sosial proqramların genişləndirilməsi, infrastruktur layihələrinin icrası və insan kapitalına yatırımlar bu siyasətin mühüm tərkib hissəsidir.

- Bəs ölkənin strateji vizionunu nədən ibarətdir, hara gedirik?

- Azərbaycanda ictimai-siyasi sabitlik, davamlı inkişaf və milli maraqların təmin olunması dövlət siyasətinin əsas prioritet istiqamətlərini təşkil edir. Ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar demokratik institutların möhkəmləndirilməsinə, hüquqi dövlət quruculuğunun inkişafına və vətəndaş cəmiyyətinin rolunun artırılmasına xidmət edir. Bu gün əldə olunan nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs dayanır. Məhz bu strateji xətt müasir dövlətçilik ənənələrinin formalaşmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə zəmin yaratmışdır. Hazırda bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına və dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir.

Bu siyasətin nəticəsi olaraq Azərbaycan bu gün qüdrətli orduya, dayanıqlı və güclü iqtisadiyyata, beynəlxalq arenada mühüm və etibarlı mövqeyə malik olan, müstəqil xarici siyasət yürüdən qalib ölkə kimi çıxış edir. Regionda və beynəlxalq müstəvidə artan nüfuz, strateji tərəfdaşlıqların genişlənməsi və balanslaşdırılmış diplomatik fəaliyyət ölkəmizin mövqeyini daha da gücləndirir.

E.Rüstəmli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
azpolitika.info

1Mənbələr