Deyəsən, İtaliya futbolunda yeni böyük qalmaqal başlayıb. Son günlər yerli mənbələrin yaydığı xəbərlərin fonunda belə düşünmək olar.
İtaliya çempionatının A və B seriyasının oyunlarına hakimləri təyin edən Milli Hakimlər Komitəsinin rəhbəri Canluka Rokki barəsində cinayət işi açılıb. Milan Şəhər Prokurorluğu onu VAR sisteminin işinə müdaxilə etməkdə və bununla da oyunların nəticələrinə təsir göstərməkdə şübhəli bilir. Məlumata görə, 2025-ci ildə sabiq hakimin köməkçisi Domeniko Rokka tərəfindən onun barəsində İtaliya Hakimlər Assosiasiyasına (İHA) şikayət verilsə də, məsələ nəticəsiz qalıb: şikayət məktubu İtaliya Futbol Federasiyasına göndərilib, lakin federasiyanın prokurorluğu şikayəti əsassız sayıb.
Hazırda isə iş cinayət xarakteri alıb və Milan prokurorluğu tərəfindən araşdırılır. A və B seriyalarında keçirilən 4 oyunla bağlı şübhəli məqamlar hüquq-mühafizə orqanının diqqətini cəlb edib. Bu planda xüsusilə ötən il martın 1-də keçirilən “Udineze” – “Parma” matçı şübhə altındadı. Həmin oyunda VAR briqadası əvvəlcə penalti təyin etmək istəməsə də, sonradan qərarını kəskin şəkildə dəyişib. İddia olunur ki, Rokki VAR otağının qapısını döyərək epizoda birbaşa müdaxilə edib. Bundan başqa, 2024-cü il yanvarın 6-da keçirilən “İnter” - “Verona” matçında Alessandro Bastoni ilə bağlı baş verən və sonradan oyunun hakiminin yüksək liqadan uzaqlaşdırılması ilə nəticələnən insident də daxil olmaqla, sual doğuran digər məqamlar da mövcuddu.
Artıq Rokki müvəqqəti vəzifəsindən ayrılmaq qərarını verib. Bu addımı prokurorluğunun təhqiqata başlamasından sonra atıb. Rokkinin fəaliyyəti dələduzluq və hakim təyinatlarında mümkün manipulyasiya şübhələri ilə araşdırılır. Bəzi təyinatların “İnter” klubuna sərfəli olduğu iddia edilir. Funksioner dərhal qüvvəyə minən qərarla özünü vəzifədən uzaqlaşdırdığını açıqlayıb. Özünün dediyinə görə, bu addım İHA ilə razılaşdırılıb və istintaq dövründə hakimlər korpusunun normal fəaliyyətini təmin etmək məqsədi daşıyır. Aprelin 30-da sorğu-suala çəkiləcək Rokki qırarını belə şərh edib: “Başverənləri və hakimlər korpusunun maraqlarını nəzərə alaraq, dərhal qüvvəyə minən şəkildə özümü vəzifədən uzaqlaşdırmaq qərarını verdim. Bu, çətin addımdı, amma məhkəmə prosesinin sakit keçməsinə imkan verəcək. Nəticədə günahsız olduğumu sübut edəcəyimə inanıram”.
Dələduzluq faktı təsdiqini taparsa, bir sıra klublar ağır sanksiyalarla üzləşə bilər. Yerli mənbələrin iddiaları sırasında diqqəti daha çox cəlb edənlər “İnter” ilə bağlıdı. Milan klubu 2024-cü ildə qazandığı iki tutuldan - 2024-cü ildə A seriyasında və İtaliya Superkubokundakı uğurlardan məhrum oluna və hətta ən pis halda aşağı liqaya - B seriyasına göndərilə bilər.
Xatırladaq ki, İtaliya futbolunda buna bənzər sonuncu səs-küylü hakim qalmaqalı 2006-cı ildə baş vermiş, nəticədə iki çempionluqdan məhrum edilən “Yuventus” B seriyasına göndərilmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta