ABŞ-də məktəbdə baş verən bıçaqlı hücum nəticəsində 5 nəfər xəsarət alıb.
Ölkə.az "CBS News"a istinadla xəbər verir ki, hadisə Takoma şəhərində yerləşən Henry Foss liseyində baş verib.
Məlumata görə, yaralananlardan 4-ü şagird, 1-i isə mühafizə əməkdaşıdır.
Hücumu törətməkdə şübhəli bilinən şəxs də məktəbin şagirdi olub və hadisə yerində saxlanılıb.
Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu, bir nəfərin isə yüngül xəsarət aldığı açıqlanıb. Daha sonra isə bildirilib ki, bütün yaralıların vəziyyəti stabildir.
Hadisədən sonra məktəb qapadılaraq xüsusi təhlükəsizlik rejiminə keçirilib, şagirdlər təxliyə olunaraq valideynlərinə təhvil verilib. Rəhbərlik mayın 1-də dərslərin və bütün tədbirlərin ləğv edildiyini açıqlayıb. Məktəbin mayın 4-dən fəaliyyətini bərpa edəcəyi və əlavə psixoloq və dəstək heyətinin cəlb olunacağı bildirilib.
Həmidə İbrahimova