Vladimir Putin aprelin 30-da regional Xalq Məclisinin nümayəndələri ilə görüşündə elan edib ki, Dağıstanın rəhbəri Sergey Melikov başqa vəzifəyə keçiriləcək.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, 2021-ci ildən bölgəyə rəhbərlik edən Melikovun istefası ilə bağlı şayiələr Dağıstanda baş verən böyük daşqınlar fonunda yayılmışdı. Sakinlər hökumətin reaksiyasından və hadisəyə səbəb olan uzun müddətdir davam edən problemlərdən (məsələn, xaotik tikinti) şikayət ediblər.
Dövlət mediası xəbər verir ki, Dağıstan nümayəndələri Putinə respublika rəhbəri vəzifəsinə Dağıstan Ali Məhkəməsinin sədri Fyodor Şekinin namizədliyini irəli sürməyi təklif ediblər. Bu isə çoxları üçün gözlıənilməz olub. Çünki Dağıstana Şimali Qafqaz Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsinin müavini, Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Maqomed Ramazanovun təyinatı gözlənilirdi. İddialara görə, Ramazanovun Dağıstan rəhbəri vəzifəsinə təyinatı dünən Rusiya prezidenti ilə görüşən Çeçenistan lideri Ramzan Kadırov imkan verməyib. Xəbərlərə görə, Kadırov Putinlə görüşündə Ramazanovun və onun Dağıstan oliqarxları ilə mürəkkəb münasibətləri haqqında mənfi danışıb. Nəticədə, Ramazanova daha aşağı - baş nazir vəzifəsi təklif olunacaq. Kadırovun Putinə Ramazanov barəsində nə dediyi məlum deyil. Amma bu rəyin həlledici olduğuna inananlar az deyil.
“Fyodor Şukinin Dağıstanın rəhbəri təyin edilməsi sirli bir hadisə idi, çünki onun nə idarəetmə, nə də siyasi təcrübəsi var idi”. Politoloq Yevgeni Minçenko belə deyib."Bu, sirli bir təyinatdır. Onun nə idarəetmə, nə də siyasi təcrübəsi yox idi. O, demək olar ki, bütün ömrü boyu o məhkəmə sistemində işləyib. Düşünürəm ki, bu, kompromisdir. Bəlkə də, digər şeylərlə yanaşı, çox sayda millətin təmsil olunduğu mürəkkəb bir bölgəyə etnik rus təyin etmək ideyası yaranıb", - deyə o bildirib.
Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndənin müavini Maqomed Ramazanovun baş nazir təyin edilməsinə də toxunub: “O, müsəlman adət-ənənələrini açıq şəkildə bilən və İslam ənənələrinə xüsusi diqqət yetirən bir insandır. Region həqiqətən çox mürəkkəbdir: çoxmillətli, fərqli dil qruplarına, spesifik ənənələrə, radikal İslamın çox güclü təsirinə və güclü korrupsiya və klançılıq ənənəsinə malikdir. Qanunla rəsmi olaraq təsbit olunmayan çoxlu sayda faktiki kök salmış reallıqlar mövcuddur. Məsələn, evləri yuyulub aparılan insanlar üçün kompensasiya məsələsi indi ortaya çıxır - lakin bu evlər rəsmi olaraq mövcud deyil; onlar icazəsiz tikilib”.
Musavat.com