AZ

Deputat: “Qarabağ dağıdılanda Avropa Parlamenti harada idi?”

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bu gün qalib ölkənin parlamenti olaraq biz, 30 aprel tarixli növbəti anti-Azərbaycan qətnaməsi fonunda hər hansı bağımızın və dərin əlaqələrimizin olmadığı Avropa Parlamentinə yenidən zaman ayırmağa məcburuq.

Məlumdur ki, hətta öz yurisdiksiya coğrafiyasında belə nüfuzunu çoxdan itirmiş təsisat olan Avroparlamentlə bağlı hər hansı siyasi prioritetimiz yoxdur.

Hətta cənab İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında da ifadə etdiyi kimi, biz heç seçkilərdə belə sağlam subyekt hesab etmədiyimiz üçün Avropa Parlamenti missiyasını dəvət etməyə lüzum görmürük.

Amma bu siyasi bataqlıq Azərbaycandan əl çəkmək istəmir. Təbii ki, nə qədər uzaq durmağa çalışsaq da, suverenliyimizə qarşı növbəti siyasi təxribat olduğu üçün belə çirkab yuvalarını cavabsız buraxmaq olmaz”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat qeyd edib ki, Avropa Parlamentinin 30 aprel 2026-cı il tarixli əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaq “söz yığını” heç bir formada hüquqi sənəd adlana bilməz:

“Çünki özlüyündə bu "siyasi şantaj" hüquqa, beynəlxalq hüququn bir neçə fundamental prinsipinə və dövlətlərarası münasibətləri tənzimləyən sənədlərə birbaşa zidd mahiyyət daşıyır.

Avropa Parlamenti BMT Nizamnaməsinə, 1970-ci il Beynəlxalq Hüquq Prinsipləri haqqında Bəyannaməyə, Helsinki Yekun Aktının maddələrinə, Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq sazişlərinə və beynəlxalq müqavilələr hüququna daban-dabana zidd mövqe ortaya qoyur.

Əgər Avropa Parlamentini qətnamənin adında olduğu kimi “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” maraqlandırırsa, ilk növbədə regionda postmünaqişə dövründə normallaşma və sülh səylərini dəstəkləməlidir. Amma əvəzində açıq qarşıdurma mövqeyi sərgilənir, Ermənistan revanşa təşviq edilir.

Bu gün bütün dünya Ermənistanla sülh prosesində əsas təşəbbüskar tərəfin — sülh müqaviləsi layihəsini təklif edən, sülh və etimad quruculuğu tədbirlərinin uğurunu təmin edən tərəfin məhz Azərbaycan olduğunu istisnasız qəbul edir.

Amma Avroparlament riyakarcasına uydurma qətnaməsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyinin bərpasından sonrakı situasiyanı qəsdən təhrif edir, bizi sabitliyi pozan tərəf adlandırır.

İki il yarımdan çoxdur ki, Azərbaycan-Ermənistan sərhədində atəş səsi gəlmir, de-fakto sülhdür. Siz hansı sabitlik pozuntusundan danışırsınız? Bu bölgədə sabitliyi pozmağa cəhd edən bir tərəf varsa, o da fiaskoya məhkum səyləri ilə Avropa Parlamenti və əlaqəli qurumlardır”.

O bildirib ki, Paşinyan öz dili ilə Qarabağ gündəmindən imtina etdiyi bir şəraitdə Avroparlament “Dağlıq Qarabağ ermənilərinin maneəsiz və ləyaqətli şəkildə geri qayıtması” barədə çağırış edir. Birincisi, dünyada "Dağlıq Qarabağ" adlı subyekt yoxdur:

“Azərbaycanın Qarabağda dinc və qanuni əsaslarla yaşamış ermənilərlə bağlı problemi yoxdur və olmayıb da. Azərbaycan Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə əsasən, qanuni surətdə Azərbaycan ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Respublika ərazisindən kənara gedə bilər.

Bizdə Qərbi və Şərqi Zəngəzurdan, o cümlədən Qarabağdan olan soydaşlarımızın qovularkən məruz qaldığı zorakılıqların tam əksinə olaraq, ölkədən getmək istəyən erməni əsilli sakinlərin təhlükəsizliyini təmin etmişik və reinteqrasiyaya hazır olduğumuzu bildirərək onların ləyaqətli köçünə imkan yaratmışıq.

Bu, azadlıq hüququnun təməl əsaslarından biridir. Biz nə etməli idik? Könüllü surətdə getmək istəyəni Qarabağa buxovlamalı idikmi?

Yaxşı, sən 5-10 min erməninin könüllü köçündən danışırsan, bəs 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün taleyi bu günə qədər Avropa Parlamentinin gündəmində olubmu?

Təbii ki, yox. Çünki Avropa Parlamenti selektivlik üzərində qurulmuş siyasi çirkab alətidir və belə bir qurumun indi "ədalət" dərsi keçməyə mənəvi haqqı yoxdur.

Yaxud qətnamədə “ədalətsiz həbs olunan hərbi əsirlər” ifadəsinə istinad ediblər. Biz hansı formada izah etməliyik ki, hazırda həbsdə olanlar “hərbi əsir” deyil; terrorizm, sabotaj və müharibə cinayətləri də daxil olmaqla xüsusilə ağır cinayətlərə görə barələrində məhkəmə hökmü olan şəxslərdir və bu mövzuda hər hansı əks-arqument Azərbaycanın daxili işlərinə və məhkəmə sisteminə müdaxilə etmək cəhdidir.

Yaxud qətnamədə “mədəni irsin məhv edilməsi” ilə bağlı iddialar irəli sürülür. 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda daş üstündə daş qalmamışdı. Azərbaycanın mədəni və dini irsi sistematik şəkildə dağıdılıb, talan və ya təhqir edilirdi. O zaman harada idi Avropa Parlamenti?

Aydındır ki, bunları nə Ermənistan maraqlandırır, nə insan hüquqları, nə də mədəni irs. Bunların qayğısı Cənubi Qafqazda itirilmiş təsir imkanlarını bərpa etməklə bağlıdır. Amma unutmamalıdırlar ki, onların iki gündən bir qəbul etdikləri kağız parçalarının cənab İlham Əliyevin liderliyində regionda yaranan reallıqlar qarşısında çəkisi sıfıra bərabərdir.

Öz Liderinin ətrafında dəmir yumruq kimi birləşən bir cəmiyyəti heç bir kənar təzyiq yolundan döndərə bilməz! Siz cənab İlham Əliyevin təbirincə desək, “bizim üçün tamamilə əhəmiyyətsiz” olan o sifarişli qətnamələrinizi qəbul etməkdə olun, biz də inkişafda!”

Vilayət Muxtar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
50
cebheinfo.az

10Mənbələr