AZ

"Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri reqatada daha 1 qızıl və 1 gümüş qazandılar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Prezident Kuboku-2026” beynəlxalq reqatasının son yarış günündə idmançılarımız daha 1 qızıl və 1 gümüş medal qazanıblar.

Fanat.Az xəbər verir ki, komandamızın heyətində Tengiz Gagnidze, Qiyas Əhmədov (2008–2009 təvəllüdlü) qızıl, Niyaz Məlikov və İvan Vorobjanski (2008–2009 təvəllüdlü) isə ikinəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə gümüş medal qazanıblar.

Ötən gün Azərbaycan təmsilçilərindən Azər İlyasov akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008-2009 təvəllüdlü idmançılar) yürüşdə qızıl medal əldə edib. Əlimurad Hacızadə birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə ikinci olub. Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar.

Həmçinin Niyaz Malikov - İvan Vorobyanski cütlüyü 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşdə (2008-2009 təvəllüdlü idmançılar) bürünc medala sahib çıxıblar.

Daha əvvəl isə Əlimurad Hacızadə birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə gümüş əldə etmişdi.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Seçilən
0
16
fanat.az

10Mənbələr