"Azərbaycanın turizm şirkətləri xeyli müddət əvvəl də Maldivə turlar satırdılar. Maldiv, Bali, Malayziya, Sinqapur, Vyetnam və Tayland istiqamətində turlar təşkil olunurdu. Xüsusilə Maldiv adalarına turlar daha çox satılırdı. Çünki bəzi məşhur müğənnilərimiz və blogerlərimiz Maldivə üz tutmuşdular. Eyni zamanda, turizm şirkətlərinin də vətəndaşların maraqlarına uyğun tur təklifləri var idi".
Bunu Redaktor.az-a açıqlamasında turizim eksperti Əziz Şiryev Azərbaycan-Maldiv arasında vizasız rejimin turizm əlaqələrinə verəcəyi töhfədən danışarkən bildirdi.
Onun fikrincə, viza məsələsindəki dəyişikliklər bu istiqamətlərə marağı və turist axınını daha da artıracaq:
"Düşünürəm ki, bu, hər iki dövlət üçün sərfəli olacaq. Çünki biz də həmin ölkələrdən Azərbaycana daha çox turist cəlb etməyi planlaşdırırıq. Xüsusilə Asiya ölkələrindən gələn turistlər bizim mentalitetə daha uyğundurlar. Həmin ölkələrin əksəriyyəti müsəlman ölkələridir, halal qidalanırlar və buna görə də Azərbaycan mətbəxi, insan münasibətləri və həyat tərzi onlara daha yaxın gələcək. Bu səbəbdən də həmin ölkələrdən Azərbaycana turist axınının artacağı gözlənilir".

Müsahibimiz vurğuladı ki, əsas təsir edən amillərdən biri hava yollarıdır:
"Çünki tur paketlərinin qiymətinin təxminən 70 faizini aviabiletlər təşkil edir. Uçuş qiymətləri nə qədər münasib olarsa, tur paketlərini də bir o qədər uyğun qiymətə təklif etmək mümkün olacaq. Həmin ölkələrdən Azərbaycana maraq kifayət qədər böyükdür. Bizim vətəndaşlar da reklamlar, televiziya proqramları və turizm şirkətlərinin təqdim etdiyi məlumatlar vasitəsilə bu istiqamətlər barədə daha çox məlumat əldə edirlər. Nəticədə həmin ölkələrə maraq gündən-günə artır".
Aytəkin TOFİQQIZI