AZ

Azərbaycanda idmanın inkişafı: dövlət siyasəti uğurlu nəticələr verir

“Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir və sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Ölkədə müasir idman infrastrukturu yaradılıb, idmanın kütləviliyinin artırılması və idmançıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Paytaxtla yanaşı, regionlarda da idman obyektlərinin inşası bu sahənin inkişafına geniş imkanlar açır”.

Bunu Bakıvaxtı.az-a açıqlaqmasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ümumi inkişaf modeli idman sahəsində də özünü aydın şəkildə göstərir:

“2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdə Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə idmanın inkişafı məhz dövlət siyasətinin tərkib hissəsidir və bu istiqamətdə mühüm proqramlar uğurla icra olunub. Onun sözlərinə görə, idman infrastrukturu faktiki olaraq yenidən qurulub və bu gün ən yüksək səviyyəyə çatıb. Təkcə 2025-ci ildə Gəncə və Yevlaxda iki yeni Olimpiya İdman Kompleksi istifadəyə verilib və bununla da bölgələrdə bu tip obyektlərin sayı 46-ya yüksəlib. Bu kimi addımlar gənclərin idmana marağını artırmaqla yanaşı, sağlam nəslin yetişməsinə də xidmət edir”.

Deputat əlavə edib ki, Azərbaycan bu gün artıq idman ölkəsi kimi tanınır və əldə olunan uğurların əsasında Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt dayanır. Müsahibimiz qeyd edib ki, idman yalnız yarış deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında mühüm vasitədir:

“Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz həm beynəlxalq yarışlarda qazandığı nailiyyətlərlə, həm də ev sahibliyi etdiyi mötəbər turnirlərlə diqqət mərkəzindədir”.

Deputat həmçinin xatırladıb ki, 2012-ci ilin “İdman ili” elan olunması və Birinci Avropa Oyunları ilə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bu tədbirlər Azərbaycanın idman sahəsindəki potensialını bir daha dünyaya nümayiş etdirib.

Vüqar Rəhimzadə: Azərbaycan bu gün artıq idman ölkəsi kimi tanınır

Vüqar Rəhimzadə vurğulayıb ki, postmüharibə dövründə əldə olunan Zəfərin yaratdığı reallıqlar fonunda idmanın inkişafı və gənclərin milli ruhda tərbiyəsi daha da aktuallaşıb.:

“Dövlət başçısı İlham Əliyev də çıxışlarında bu məsələyə xüsusi önəm verərək gənclərin vətənpərvər ruhda yetişməsini prioritet kimi təqdim edir. Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında uğur qazanan güləşçilərlə görüşü də bu diqqətin davamı kimi qiymətləndirilir. Dövlət başçısı qeyd edib ki, beynəlxalq arenada Azərbaycan bayrağının qaldırılması xalqda böyük qürur hissi yaradır və bu uğurlar gənclərin motivasiyasını artırır. O, həmçinin vurğulayıb ki, Azərbaycan güləş məktəbi güclü ənənələrə malikdir və yeni nəsil idmançılar da bu ənənəni uğurla davam etdirir”.

Həmsöhbətimiz əlavə edib ki, bu gün Azərbaycan idmançıları qalib ölkəni təmsil etməyin qürurunu yaşayır və həm döyüş, həm də idman meydanlarında əldə olunan uğurlar bir-birini tamamlayır. 

“Prezident İlham Əliyevin sözlərinə əsasən, idmanda qələbə ilə yanaşı, məğlubiyyətlər də qaçılmazdır, lakin əsas olan idmançıların əzmkarlığı və qalib ruhudur”.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, ölkədə idmanın davamlı inkişafı, gənc nəslin yetişdirilməsi və beynəlxalq uğurların davam etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır və bu sahədə əldə olunan nəticələr Azərbaycanın ümumi inkişafının mühüm göstəricisidir.

Aynur Babazadə

Seçilən
10
bakivaxti.az

1Mənbələr