AZ

“Elektron sistemlər sahibkarlara yeni maneələr də yarada bilər” - Deputat

"İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənən proseslərin daha vasitəsiz, daha çevik və daha rəqəmsal formada tənzimlənməsi müsbət istiqamətdir. Xüsusilə elektron bildiriş mexanizmlərinin təkmilləşdirilməsi və sənədləşmənin daha sürətli aparılması müvafiq qurumların fəaliyyətində şəffaflıq və çeviklik potensialını artırır. Eyni zamanda anlayışların yenilənməsi və beynəlxalq terminologiyaya uyğunlaşdırılması da gömrük sisteminin ölkəmizin inteqrasiyası baxımından vacib addımdır".

Redaktor.az xəbər verir ki, bu barədə deputat Razi Nurullayev "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi" haqqında danışarkən vurğuladı.

Onun sözlərinə görə, çox vaxt qanunlar müasirləşdirilir, amma praktiki mexanizm eyni qalır:

"Bu layihədə də biz kağız üzərində sadələşmə görürük, lakin sahibkarın gündəlik təcrübəsində prosedurlar həqiqətən sadələşəcəkmi? Elektron sistemlər sürəti artıracaq, yoxsa yeni texniki və inzibati maneələr yaradacaq? Məsələ ilə bağlı proqnozlar o qədər də optimist deyil. Məsələn, səyyar gömrük nəzarətçisi institutu nəzərdə tutulur. Bu, prinsip etibarilə yaxşı alətdir, amma aydın mexanizmlər olmadıqda çevik nəzarət vasitəsi deyil, əlavə təzyiq alətinə də çevrilə bilər. Sahibkar üçün əsas sual budur: bu addım şəffaf və proqnozlaşdırıla bilən mühit yaradacaq, yoxsa subyektiv qərarlara açıq qalacaq?

Üçüncü məqam rəqəmsallaşma və insan faktoru arasındakı balansdır. Elektron sistemlərin tətbiqi müsbətdir, lakin əgər qərarvermə prosesi yenə də insan faktorundan həddən artıq asılı qalırsa, biz sadəcə kağızı rəqəmsal formaya köçürmüş oluruq, problemi isə həll etmirik. Bir də çox vacib məqam budur ki, bu dəyişikliklər biznes mühitinə necə təsir edəcək? Qanun layihəsində ticarətin asanlaşdırılması məqsədi qeyd olunub. Amma reallıqda sahibkar üçün əsas olan sürət, aydınlıq və proqnozlaşdırıla bilən yanaşmadır. Əgər qaydalar tez-tez dəyişirsə, izahlar çətindirsə və tətbiq qeyri-bərabər aparılırsa, bu artıq risk yaradır və investisiya mühitini zəiflədir. Nəticə etibarilə, bu qanun layihəsini dəstəkləməklə yanaşı, üç əsas məqama diqqət yetirilməlidir: Birincisi, hər bir yeni mexanizmin konkret tətbiq qaydası və məsuliyyət çərçivəsi aydın olmalıdır. İkincisi, rəqəmsallaşma real sadələşməyə gətirməlidir və struktur dəyişikliklər bunu təmin etməlidir. Üçüncüsü, sahibkarlarla bu qanunların müzakirə mexanizmləri paralel şəkildə gücləndirilməlidir. Çünki sonda məsələ çox sadədir: gömrük sistemi dövlət üçün nəzarət aləti olmaqla yanaşı, iqtisadiyyat üçün də dəstək mexanizmidir. Əgər bu balans qorunarsa, dəyişikliklər real nəticə verəcək. Əks halda isə biz yenə də yaxşı yazılmış, lakin zəif və subyektiv tətbiq olunan qanunlarla qarşılaşacağıq".

NURİYYƏ

Seçilən
12
redaktor.az

1Mənbələr