AZ

Kiyevin “tələskənliyi” Brüsseli qıcıqlandırır Ukraynanın Aİ üzvlüyü ilə bağlı pərdəarxası məqamlar açıldı

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna hakimiyyətinin Avropa İttifaqına (Aİ) sürətli üzvlüklə bağlı israrlı tələbləri avropalı tərəfdaşlar arasında ciddi narazılıq yaradır. "Financial Times" (FT) nəşri öz mənbələrinə istinadən yazır ki, rəsmi Kiyevin ritorikası Brüssel ilə danışıqları getdikcə mürəkkəbləşdirir.

Məlumata görə, Ukrayna rəsmiləri ABŞ və Aİ ilə danışıqlarda inteqrasiya prosesinin sürətləndirilməsini tələb edir, Avropa Komissiyasının genişlənmə siyasətini isə sərt tənqid edirlər. Kiyev iddia edir ki, Aİ Ukraynaya, Ukraynanın ittifaqa ehtiyacı olduğundan daha çox möhtacdır.

Lakin avropalı diplomatlar bu yanaşmanı qəbul etmirlər. FT-yə danışan mənbələrdən biri vəziyyəti belə izah edib: "Üzvlük hədiyyə deyil. Ola bilsin ki, Kiyevdə bu məsələ ilə bağlı müəyyən anlaşılmazlıq yaranıb". Diplomatlar vurğulayırlar ki, Ukrayna tərəfi mövcud prosedurlara məhəl qoymur və bu, qarşılıqlı etimada zərər verir.

Nəşrin yazdığına görə, Prezident Volodimir Zelenski ukraynalı diplomatlara Aİ ilə yaxınlaşmanın heç bir alternativ formatını müzakirə etməməyi, yalnız və yalnız tamhüquqlu üzvlük üzərində israr etməyi tapşırıb. Lakin avropalı liderlər, hətta sürətləndirilmiş prosedurlar tətbiq olunsa belə, bu prosesin ən azı on il çəkəcəyini proqnozlaşdırırlar.

Kiprdə keçirilən Aİ sammitində bəzi liderlər Kiyevin gözləntilərini azaltmağa çalışaraq, "Bu, Zelenskinin düşündüyü qədər asan olmayacaq" mesajını veriblər.

Mənbələr həmçinin Ukraynada islahatların, xüsusilə qanunun aliliyi və korrupsiya ilə mübarizə sahəsində ləngidiyini qeyd edirlər. Avropa bazarına inteqrasiya üçün vacib olan qanunvericiliyin qəbulunda da gecikmələr müşahidə olunur.

Xatırladaq ki, Ukrayna 2022-ci ildə namizəd statusu alıb, 2024-cü ildə isə rəsmi üzvlüklə bağlı danışıqlara başlanılıb. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiyevin üzvlüyünü dəstəkləsə də, prosesin konkret meyarlar əsasında həyata keçirildiyini və burada "qısa yol" olmadığını dəfələrlə vurğulayıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
30
azpolitika.info

10Mənbələr