Azərbaycanda son illərdə rəqəmsal ödəniş sistemlərinin genişlənməsi xarici bank kartlarından istifadə imkanlarını da xeyli artırıb.
Xüsusilə turizm axınının çoxaldığı Bakı və iri şəhərlərdə beynəlxalq kartlarla ödəniş etmək artıq əvvəlki illərlə müqayisədə daha rahatdır.
Azərbaycanda xarici bank kartı ilə hansı yerlərdə ödəniş etmək mümkündür?
"Cebheinfo.az" xəbər verir ki, hazırda ən mühüm yeniliklərdən biri ictimai nəqliyyatda tətbiq olunan NFC təmassız ödəniş sistemidir. Bu imkan sayəsində xarici kart sahibləri əlavə bilet və ya yerli kart almadan birbaşa kartları ilə metro və avtobuslardan istifadə edə bilirlər.
Bu sistem Bakıda metroda, BakuBus avtobuslarında, Bakı–Sumqayıt istiqamətində bəzi xətlərdə, həmçinin Gəncə şəhərində də tətbiq olunur. Bu addım turistlər üçün şəhərdaxili hərəkəti daha rahat edib.
Bakı şəhərində xarici bank kartları demək olar ki, geniş şəkildə qəbul edilir. Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən mağazalar, restoranlar və xidmətlərdə, eləcə də şəhərin böyük ticarət mərkəzlərində - "28 Mall", "Gənclik Mall", "Port Baku Mall" kimi obyektlərdə kartla ödəniş problemsiz həyata keçirilir. Eyni vəziyyət böyük otellərdə də müşahidə olunur. "Hilton", "JW Marriott" "Absheron", "Fairmont" kimi otellərdə həm yaşayış, həm də əlavə xidmətlər xarici kartlarla ödənilə bilir.
Bundan başqa, supermarket şəbəkələri, yanacaqdoldurma məntəqələri, apteklər və bir çox restoran və kafe də beynəlxalq kartları qəbul edir. Xüsusilə Bakıdakı turizm zonalarında kartla ödəniş demək olar ki, standart hala çevrilib.
Lakin regionlara vəziyyət fərqlidir. Kiçik şəhər və kəndlərdə hələ də nağd ödənişlər üstünlük təşkil edir və bəzi yerlərdə xarici kartların qəbulu ya məhduddur, ya da ümumiyyətlə yoxdur.
Azərbaycanda xarici bank kartları ilə ödəniş imkanları inkişaf etsə də, bu imkanlar hələlik əsasən Bakı və iri şəhərlərdə cəmlənib.