AZ

Konqolu tələbə: Postkolonial gələcəyin qurulmasında gənclərin rolu həlledicidir  

Postkolonial cəmiyyətlərin gələcəyinin yalnız keçmişlə üzləşmək deyil, həm də gənclərin səlahiyyətləndirilməsi və qərarqəbuletmə proseslərində real iştirakının təmin olunmasından asılı olduğu vurğulanır. Eyni zamanda, müasir mərhələdə kolonializmin artıq təkcə siyasi müstəqillik məsələsi olmadığı, həm də iqtisadi və sosial strukturlar vasitəsilə gənclərin imkanlarını məhdudlaşdıran amillərlə bağlı olduğu qeyd edilir.

Bu fikirləri konqolu tələbə Prefis Nixon Louzolo Mikele AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, xüsusilə Qlobal Cənub ölkələrində gənclərin səsləri çox vaxt simvolik şəkildə nəzərə alınır, lakin onların qərarqəbuletmə proseslərində real iştirakı təmin olunmur. “Əgər biz postkolonial gələcəyin qurulmasında ciddi olmaq istəyiriksə, sadəcə inklüzivliklə kifayətlənməməliyik. Gənclərin qərar vermək gücünə malik olduğu sistemlər formalaşdırılmalıdır. Onların bacarıqlarına investisiya edilməli, təşəbbüsləri dəstəklənməli və yerli, eləcə də qlobal səviyyədə iştirak imkanları genişləndirilməlidir”, – deyə o vurğulayıb.

P.N.L.Mikele əlavə edib ki, gənclərin öz hekayələrini formalaşdırması, mədəniyyətlərini qoruyaraq inkişaf etdirməsi və inkişaf anlayışını öz baxışları əsasında yenidən müəyyənləşdirməsi xüsusi əhəmiyyət daşıyır. “Gələcək gənclər üçün deyil, məhz onların özləri tərəfindən qurulacaq. Buna görə də onların lazımi bilik və bacarıqlarla təmin edilməsi, dəstəklənməsi və onlara etimad göstərilməsi vacibdir”, – deyə o bildirib.

Seçilən
13
1
azerbaijan-news.az

2Mənbələr