Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumu keçirilib.
APA xəbər verir ki, Forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edib.
Açılış mərasimi gənc nümayəndələrin fləşmob çıxışı ilə başlayıb. Bununla yanaşı BMT-nin Gənclər Ofisi tərəfindən verilən dəstək mesajı video müraciət vasitəsilə forum iştirakçılarına çatdırılıb. Həmçinin, gənclər siyasi və sosial mövzulara, mövcud problemlərə dair çıxışlar və təqdimatlar ediblər.
Ümumilikdə 34 ölkədən 80-ə yaxın gənc forumda iştirak edib.
Qonaqlar ölkəmizlə tanış olublar, eləcə də öz təcrübələrini bölüşüblər. Eyni zamanda, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar Foruma qatılıb.
Tədbirdə iştirak edən gənclər kolonializm və neokolonializmin müasir fəsadlarına qarşı mübarizədə gənclərin beynəlxalq həmrəylik şəbəkəsinin və əməkdaşlıq platformasının qurulması, ortaq məqsədlər ətrafında daha sistemli və effektiv beynəlxalq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması istiqamətində fikir mübadiləsi aparıblar.
Həmçinin, müstəmləkəçiliyə məruz qalmış ərazilərdə kolonial idarəçiliyə və neokolonialsiyasətə son qoyulması, öz müqəddəratını təyinetmə prosesinin, eləcə də BMT-nin Dekolonizasiya siyahısına daxil edilmiş ərazilərin azad olmasının sürətləndirilməsi, digər müstəmləkələrin bu siyahıya daxil edilməsi, eləcə də hazırda müstəmləkə ərazilərində yerli əhalinin üzləşdiyi çoxsaylı problemlər, eyni zamanda etnik azlıqlara qarşı repressiv siyasət aparan hökumətlərin təzyiqləri nəticəsində ölkələrini tərk etmək məcburiyyətində qalan gənclərlə bağlı məsələlərin həlli müzakirə edilib.
Forumun iştirakçılarından olan Taristas Orlane Fransanın bütün koloniyalarında – Reyunion, Kanaki (Yeni Kaledoniya), Qvadelupa, Martinika, Qviana – gənclər sürətlə artan yoxsulluq, pisləşən fiziki və psixoloji sağlamlıq və artan zorakılıqla üz-üzə olduğunu bildirib.
Başqa bir iştirakçı Katambara Roman Yoakim bu gün müstəqillik uğrunda mübarizə hələ də aktual olduğunu və Afrikada neokolonializm davam etdiyini bildirib.
“İqtisadi sahədə resursların Qərb şirkətləri tərəfindən talanması, kolonial valyuta sistemi və xarici hərbi bazaların mövcudluğu bunun göstəricisidir. Fransa hələ də Karib hövzəsində, Hind okeanında və Sakit okeanda kolonial ərazilərə malikdir və bu sayədə ABŞ-dan sonra dünyanın ikinci ən böyük dəniz gücünə çevrilib.
Geostrateji baxımdan isə Fransa Reyunion və Mayotda hərbi qüvvələr saxlayır. Bu ərazilər Hind okeanında Fransa imperializminin əsas dayaqlarıdır və bu qüvvələr Fransanın maraqlarını qorumaq üçün yerləşdirilib”,- iştirakçı qeyd edib.
Forumun digər bir iştirakçısı Çahal Akaşdip Sinq post-kolonial dövrdə gənclərin rolunun əhəmiyyətindən danışıb.
“Gənclər müxtəlif post-kolonial kontekstlər arasında əlaqələr qurmalı və daha ədalətli, daha bərabər bir gələcəyin necə görünə biləcəyini formalaşdırmalıdır. Çünki post-kolonial gələcək bizə miras qalan bir şey deyil , onu biz müəyyən edirik”,- iştirakçı qeyd edib.
Sonra isə Prof. Murat Özkalelinin moderatorluğu ilə interaktiv sessiya həyata keçirilib. Sessiya zamanı süni intellektin inkişafının beynəlxalq münasibətlər və qlobal təhlükəsizlik sahələrinə təsiri, BMT-nin dayanıqlı inkişaf məqsədləri barədə müzakirələr aparılıb.
Sonda Forumun sonunda Qlobal Cənub Gənclər Platformasının yaradılması haqqında qərar qəbul edilib.