AZ

Makron İrəvana niyə gəlir?

Fransa Prezidenti Emmanuel Makron Ermənistanın şimalında yerləşən Gümrü şəhərinə səfər edəcək.

Bu barədə "Armenpress" agentliyi məlumat yayıb. Qeyd olunur ki, Fransa liderinin səfəri 5 may tarixində baş tutacaq. Gümrünün Vardanants meydanında Ermənistan və Fransa arasındakı dostluğa və mədəni əməkdaşlığın dərinləşməsinə həsr olunmuş böyük konsert keçiriləcək.

Xatırladaq ki, bu, Makronun 2018-ci ildən bəri Ermənistana ilk rəsmi dövlət səfəridir. Səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlığa dair sənədin imzalanacağı da gözlənilir.

Maraqıdır, niyə İrəvan yox, məhz Gümrü şəhəri? Bu, Paşinyan hakimiyyətinin, yoxsa Makronun birbaşa təşəbbüsüdür? Makronun Gümrü şəhərinə səfəri və bu şəhərdə Paşinyanla görüş planlaşdırması Moskvaya qarşı həm siyasi, həm də hərbi baxımından açıq mesaj hesab etmək olar?

Məsələ ilə bağlı Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Makronun Gümrüyə səfəri Ermənistanın daxili siyasətinə hesablanıb:

“Mayın 3-də İrəvanda Avropa İttifaqının Siyasi Birliyinin sammiti, mayın 4-də isə Avropa İttifaqı-Ermənistan sammiti keçiriləcək. Bu sammit çərçivəsində Fransa Prezidenti Emmanuel Makron Ermənistana rəsmi səfər edəcək. 

Sammitin İrəvanda keçirilməsinə baxmayaraq, Makron ilə Paşinyan arasında görüş Gümrü şəhərində təşkil olunacaq. Təbii ki, bunun özü bir mesajdır. Qeyd edim ki, məhz bu şəhərdə Rusiyanın 102-ci hərbi bazası yerləşir. 

Gümrü o şəhərdir ki, keçən il keçirilən mer seçkilərdə Paşinyanın rəhbərlik etdiyi partiyanın namizədi qalib gəlsə də, bütün müxalifət birləşib müxalifətin vahid namizədini seçdilər. O indi həbsdədir.

Hesab edirəm ki, Makronun Gümrüyə səfəri şəhər əhalisinin yaxın zamanda keçiriləcək parlament seçkilərində Paşinyanın partiyasına səs verməsi üçün atılan bir addımdır. 

Seçkilər ərəfəsində həm Avropa İttifaqı, həm də Rusiya Ermənistandakı siyasi proseslərə müdaxilə edir. Makronun Gümrüyə səfəri Paşinyanın seçki qabağı kampaniyasının tərkib hissəsidir”.

Politoloq Məməhəmməd Əsədullazadə isə bildirib ki, məhz Makronun Gümrüyə səfərinin planlaşdırılması Rusiyaya açıq mesajdır:

“Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqının Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfəri və Fransa-Ermənistan münasibətləri ilə bağlı tədbirin məhz Gümrüdə keçirilməsinin planlaşdırılması Rusiyaya mesajdır.

Keçən il bu şəhərdə keçirilən bələdiyyə seçkilərində Rusiya meyilli namizəd qələbə qazanmışdı. Belə görünür ki, Nikol Paşinyan Gümrüyə daha çox diqqət ayırmaq qərarına gəlib. 

Paşinyanın Makronu Gümrüyə dəvət etməsində məqsədi bu ola bilər ki, o, şəhərdəki əhaliyə Qərbə inteqrasiyanın və Qərblə münasibətlərin daha da genişlənməsinin Ermənistanın lehinə olacağını göstərmək istəyir. 

Halbuki Gümrüdə Rusiyanın 102-ci hərbi bazası yerləşir. Bu şəhər, demək olar ki, Rusiyanın həm hərbi, həm də siyasi nəzarəti altındadır. Həmçinin bu şəhərdə əhalinin bir kəsmi Rusiyaya bağlıdır.

Paşinyan, eləcə də Makron Gümrüdə Rusiyanın təsirini zəiflətmək üçün Fransa-Ermənistan münasibətləri ilə bağlı tədbiri bu şəhərdə keçirmək qərarına gəlib.

Paşinyan Gümrünü öz nəzarəti altına almaq istiqamətində addımlar atır. Makronun bu şəhərə səfəri məhz buna hesablanıb”. 

Seçilən
48
38
cebheinfo.az

10Mənbələr