AZ

Londonda təhsil alan azərbaycanlı tələbə: İnfrastruktur investisiyaları sahəsi böyük inkişaf potensialına malikdir - MÜSAHİBƏ

London, 1 may, AZƏRTAC

London Universitet Kollecində (UCL) infrastruktur investisiyaları və maliyyəsi ixtisası üzrə təhsil alan azərbaycanlı tələbə Aydın Atayev strateji layihələrə marağının necə formalaşmasından, beynəlxalq təhsil təcrübəsindən və gələcək karyera planlarından danışıb. O, AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycanda başladığı peşəkar fəaliyyət yolu onu infrastruktur və investisiya sahəsinə yönləndirib və bu istiqamətdə dərin biliklər əldə etmək məqsədilə UCL-də təhsilini davam etdirir.

- London Universitet Kollecində bu ixtisası seçməyinizə nə səbəb oldu?

-Mən uzun müddət maliyyə və mühasibatlıq sahəsində çalışmışam. Karyeramın əvvəlində Azərbaycanda dəmir yollarının yenidən qurulması ilə bağlı layihədə iştirak etmişəm və məhz həmin təcrübə strateji infrastruktur layihələrinə marağımın formalaşmasında mühüm rol oynayıb. Daha sonra Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışarkən investisiya sahəsini daha dərindən tanımaq imkanı əldə etdim. Zamanla anladım ki, infrastruktur investisiyaları sahəsində həm marağımı, həm də peşəkar inkişafımı birləşdirmək istəyirəm. Məhz bu səbəbdən UCL-dəki bu proqrama müraciət etdim.

-Bu proqramın əsas xüsusiyyətləri nələrdir və digər maliyyə proqramlarından fərqi nədir?

-Təhsil aldığım proqram əsasən artıq müəyyən iş təcrübəsi olan peşəkarlar üçün nəzərdə tutulub və infrastruktur layihələrinin həm idarə olunması, həm də maliyyələşdirilməsi üzərində fokuslanır. Bu baxımdan onu klassik maliyyə proqramlarından fərqləndirən əsas cəhət daha çox praktik yanaşmaya üstünlük verilməsidir. Dərslər interaktiv formada keçirilir və biz real layihələr üzərindən müzakirələr aparırıq. Xüsusilə dayanıqlı inkişaf və müxtəlif infrastruktur layihələrinin nəticələri geniş şəkildə təhlil olunur.

Proqramın ən maraqlı tərəflərindən biri isə çoxşaxəli mühitdir. Qrupumuzda dünyanın müxtəlif ölkələrindən həm mühəndislər, həm də maliyyə sahəsində çalışan peşəkarlar var. Bəzi tələbələr qiyabi təhsil alır və eyni zamanda, Böyük Britaniyada infrastruktur sahəsində fəaliyyət göstərirlər ki, bu da dərslərə real praktiki baxış qatır. Bundan əlavə, müxtəlif beynəlxalq qurum və şirkətlərdən dəvət olunan ekspertlər dərslərdə iştirak edir və öz real iş təcrübələrini bizimlə bölüşürlər. Bu isə öyrəndiklərimizi daha konkret və tətbiq oluna bilən hala gətirir.

-UCL-də təhsil təcrübəniz necə keçir? Akademik mühit və beynəlxalq şəbəkələşmə baxımından hansı imkanlar var?

-UCL-də təhsil təcrübəm kifayət qədər dinamik və zəngindir. Universitet yalnız akademik biliklərlə kifayətlənmir, eyni zamanda, tələbələrin peşəkar və şəxsi inkişafı üçün çoxsaylı imkanlar yaradır. Dərslərdən əlavə müxtəlif tədbirlər, seminarlar və görüşlər təşkil olunur ki, mən də xüsusilə ixtisasımla bağlı olan tədbirlərdə aktiv iştirak etməyə çalışıram. Bununla yanaşı, şəxsi maraqlarımı da kənarda qoymuram, musiqi cəmiyyəti və debatklubunun fəaliyyətinə qoşulmaq mənim üçün həm maraqlı, həm də faydalı təcrübədir. Universitetdə tələbə cəmiyyətləri və fakültələr mütəmadi olaraq müxtəlif sahələrdən peşəkarları dəvət edir və bu görüşlər şəbəkələşmək üçün çox yaxşı imkanlar yaradır. Bu mühitdə fərqli ölkələrdən olan insanlarla tanış olmaq və əlaqələr qurmaq çox asandır. Eyni zamanda, UCL-də aktiv şəkildə fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti də azərbaycanlı tələbələrin bir araya gəlməsi və əlaqədə qalması baxımından mühüm rol oynayır.

-“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alırsınız. Proqram çərçivəsində təhsil almaq sizə hansı imkanları yaratdı?

-Azərbaycan Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq mənim üçün həm böyük bir fürsət, həm də ciddi məsuliyyətdir. Bu proqram mənə London Universitet Kolleci kimi dünyanın aparıcı universitetlərindən birində oxumaq imkanı yaratdı. Bu təcrübə yalnız akademik biliklərlə məhdudlaşmır. Eyni zamanda, uzun müddət ölkədən kənarda yaşamaq, fərqli mədəniyyətlərlə yaxından tanış olmaq və yeni baxış bucaqları qazanmaq imkanı verir. Düşünürəm ki, bu proqram mənim motivasiyamı daha da artırdı və eyni zamanda, üzərimə bir məsuliyyət qoydu. Burada qazandığım bilik və təcrübəni gələcəkdə Azərbaycana fayda verəcək şəkildə tətbiq etmək məsuliyyəti.

-Londonda yaşamaq və təhsil almaq sizin üçün hansı yeni imkanlar yaradıb?

-Londonda yaşamaq və təhsil almaq mənim üçün çox geniş imkanlar açıb. London dünyanın aparıcı maliyyə mərkəzlərindən biri olduğu üçün burada həm böyük şirkətlərin, həm də beynəlxalq bankların mütəxəssisləri ilə əlaqə qurmaq nisbətən asandır. Bu şəhərin ən fərqli cəhətlərindən biri isə daim aktiv olmasıdır – demək olar ki, hər həftə müxtəlif konfranslar, seminarlar və görüşlər keçirilir. Bəzən hansında iştirak edəcəyinə qərar vermək çətin olur. Burada olduğum müddətdə infrastruktur investisiyaları, maliyyə və enerji sahələrinə həsr olunmuş çoxsaylı tədbirlərdə iştirak etmişəm. Bu görüşlər mənə həm sahədə baş verən yenilikləri yaxından izləmək, həm də müxtəlif peşəkarlarla tanış olub şəbəkəmi genişləndirmək imkanı yaradıb. Ümumilikdə London mənim üçün yalnız təhsil yeri deyil, eyni zamanda, davamlı öyrənmə və inkişaf mühitidir.

-Gələcək karyera planlarınız nələrdir? Bu sahədə hansı istiqamətdə fəaliyyət göstərmək istəyirsiniz?

-Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdaraq infrastruktur investisiyaları sahəsində fəaliyyət göstərmək istəyirəm. Bu sahə hazırda ölkəmiz üçün çox aktualdır və inkişaf potensialı kifayət qədər böyükdür. Xüsusilə yaşıl enerji layihələri, Orta Dəhlizin inkişafı və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması kimi istiqamətlərdə həyata keçirilən layihələr mənim üçün çox maraqlıdır. Bu proseslərin bir hissəsi olmaq və öz biliklərimlə həmin layihələrə töhfə vermək istərdim. Ümumilikdə məqsədim yalnız bu sahədə işləmək deyil, eyni zamanda, burada qazandığım beynəlxalq təcrübəni Azərbaycanda tətbiq edərək daha səmərəli və dayanıqlı investisiya yanaşmalarının formalaşmasına dəstək olmaqdır.

-Xaricdə, xüsusilə də bu kimi ixtisaslaşmış proqramlarda təhsil almaq istəyən gənclərə hansı tövsiyələri verərdiniz?

- Tövsiyə edərdim ki, seçim edərkən öz məqsədlərini mümkün qədər dəqiq müəyyənləşdirsinlər. Təhsildən nə gözlədiklərini aydın başa düşmək çox vacibdir. Eyni zamanda, seçmək istədikləri proqram barədə daha real və dolğun məlumat əldə etmək üçün həmin ixtisasın məzunları ilə əlaqə qurmağı tövsiyə edərdim. Mən özüm də yekun qərarı verməzdən əvvəl “LinkedIn” vasitəsilə həm əvvəlki illərin məzunları, həm də professorlarla əlaqə saxlayaraq proqram haqqında daha geniş məlumat toplamışdım. Nəzərə almaq lazımdır ki, xüsusilə Böyük Britaniyada magistr proqramları çox intensiv olur və həm vaxt, həm də ciddi zəhmət tələb edir. Buna görə də bu təcrübəni mümkün qədər məqsədyönlü və səmərəli keçirmək üçün əvvəlcədən düzgün seçim etmək çox önəmlidir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
12
1
azertag.az

2Mənbələr