AZ

Ekspert: WUF13-ün Azərbaycanda keçirilməsinin mühüm faydaları olacaq

Bakı, 1 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun əsas məqsədi qlobal miqyasda insanların yaşadığı əraziləri, xüsusilə şəhərləri daha dayanıqlı etmək və onları insanlar üçün sağlam, təhlükəsiz yaşayış mühitinə çevirməkdir. Sağlam və təhlükəsiz mühit dedikdə həm insanların antropogen fəaliyyətinin mənfi təsirlərinin azaldılması və ya idarəolunması, həm də ekoloji risklərin minimuma endirilməsi nəzərdə tutulur. Buraya iqlim dəyişikliyindən başlayaraq hava keyfiyyətinə qədər müxtəlif amillər daxildir.

Bunu AZƏRTAC-a açıqlamasında ətraf mühit hüququ və siyasəti üzrə ekspert, ADA Universitetinin müəllimi Sadiqə Mehdiyeva bildirib.

O deyib ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsinin mühüm faydaları olacaq.

“Bu tədbirin Azərbaycan üçün ən maraqlı tərəflərindən biri ondan ibarətdir ki, Bakı kimi böyük şəhər üçün hansı tədbirlərin daha effektiv olacağı müzakirə ediləcək. Azərbaycan bu məsələlərdə müxtəlif ölkələrdən olan mütəxəssislərin elmi, innovativ və praktik təcrübəsindən faydalana bilər. Bakı nümunəsində təqdim olunan təkliflərin digər oxşar ölkələr üçün də ümumi yanaşmalar formalaşdırması mümkündür. Eyni zamanda, bu tədbir şəhərsalma siyasətini yenidən nəzərdən keçirmək imkanı yaradır. Belə forumlar çərçivəsində müvafiq məsələlərin müzakirə olunması ilə daha effektiv və mərhələli həll yollarının tapılması mümkündür”,- deyə Sadiqə Mehdiyeva vurğulayıb.

Müxbir - Günel Türksoy

 

Seçilən
29
1
azertag.az

2Mənbələr