AZ

İncəsənət müəllimlərinin fəaliyyəti qiymətləndirilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 may, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasında Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyasının ikinci mərhələsinin yekunları ilə bağlı mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən komissiya sədrləri proseslə bağlı fikrilərini səsləndiriblər.

Komissiya sədrlərindən biri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva imtahan prosesi barədə məlumat verib.

O qeyd edib ki, imtahanlar zamanı həm müsbət, həm də neqativ hallarla rastlaşıblar. “Regionlarımızda yüksək səviyyədə savad verən müəllimlərimiz də var. Attestasiya prosesinin keçirilməsi ümumilikdə adekvat şəkildə qəbul olundu. Müəllim eyni zamanda psixoloq kimi də fəaliyyət göstərməlidir, çünki o, kiçik yaşlı uşaqlarla işləyir. Bu prosesdə müəllim həm də öz bilik və bacarıqlarını şagirdlərə düzgün şəkildə ötürməlidir”,- deyə o əlavə edib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, professor, komissiya sədri Könül Hüseynova diqqətə çatdırıb ki, müəllimlərin yetişməkdə olan gənc nəslə hansı istiqamətdə yanaşdığının şahidi olublar.

Əməkdar müəllim, komissiya sədri Qəzənfər Abbasov imtahan zamanı ən mühüm məqamlardan birinin müəllimlərin fəallaşdırması olduğunu vurğulayıb. O, attestasiyanın nəticəsində gələcək nəsillərə daha peşəkar səviyyədə təhsil verə bilən müəllim kadrlarının formalaşdığını bildirib.

Əməkdar artist, komissiya sədri Bəyimxanım Vəliyeva prosesin şəffaf keçirildiyini söyləyib. “Kameralar və səsyazıları vasitəsilə aparılan müşahidələr zamanı müsbət hallarla rastlaşdıq. Öz təcrübəmə əsaslanaraq hesab edirəm ki, dərs saatlarının artırılması məqsədəuyğundur”,- deyə B.Vəliyeva əlavə edib.

Diqqətə çatdırılıb ki, attestasiya Mərkəzi Aran, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Qazax-Tovuz, Dağlıq Şirvan bölgələrini əhatə edib, ilin sonunda isə Naxçıvan Muxtar Respublikasında keçiriləcək. Ümumilikdə təxminən 8 min müəllim prosesə cəlb edilib.

Attestasiyalar Azərbaycan Dövlət Xoreoqrafiya Akademiyasının bazasında təşkil olunub. Bunun üçün zəruri şərait yaradılıb, şəffaflığın təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb, səs yazısı aparılıb, komissiya üzvləri isə həmin mərkəzdə fəaliyyət göstərib.

Müxbir - Fidan Əlizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
azertag.az

1Mənbələr