AZ

® “Caspian Energy Club”un Naxçıvanda Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

“Grand CEO Tour” proqramı çərçivəsində “Caspian Energy Club”a üzv olan şirkətlərin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri həyata keçirilib.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı, “REGES Sement” zavodunun baş sponsorluğu ilə baş tutan səfər, iştirakçıların Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı, zəngin mədəni irsi və tarixi inkişaf ənənələri ilə yaxından tanış olmalarına geniş imkan yaradıb.

Proqram, nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsinin ziyarəti ilə başlayıb. İştirakçılar abidənin önünə gül dəstələri qoyaraq dahi liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Səfər “#bizislahatlarahazırıq” şüarı altında keçirilən Milli Biznesin İnkişafı Forumunun XVII xüsusi sessiyası ilə davam edib. Açılış nitqi ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə çıxış ediblər.

“Sual-cavab” sessiyasında Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Tural Abdulzadə, eləcə də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nurlan Fətəliyev iştirak ediblər.

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına göstərilən yüksək qonaqpərvərliyə, səmimi əməkdaşlıq mühitinə və işgüzar dialoqa açıq yanaşmaya görə təşəkkürünü bildirib.

Telman Əliyevin sözlərinə görə, budəfəki səfər yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir və qarşıdakı dövrdə Naxçıvan Muxtar Respublikası ilə işgüzar əlaqələrin daha sistemli və intensiv şəkildə davam etdirilməsi nəzərdə tutulur. Xüsusilə qeyd olunub ki, ilin sonunadək müxtəlif mövzular üzrə Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyalarının təşkili, eləcə də iqtisadiyyatın fərqli sahələrini təmsil edən dövlət qurumları ilə müntəzəm görüşlərin keçirilməsi planlaşdırılır.

“Bildiyiniz kimi, “Caspian Energy Club”ın KOB inkişafı üzrə Komitənin sədr müavini Hünbət Qəhrəmanov “Caspian Energy Club”ın Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edilib. İnanırıq ki, Hünbət Qəhrəmanovun zəngin idarəçilik təcrübəsi, təşəbbüskarlığı və biznes mühitini dərindən bilməsi Naxçıvan Muxtar Respublikasında “Caspian Energy Club”ın fəaliyyətinə yeni nəfəs və güclü dinamika qazandıracaq”, - deyə Telman Əliyev qeyd edib.

Rəsmi hissədən sonra tədbir qeyri-rəsmi networking formatında davam edib, sahibkarlara dövlət sektorun nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı yaradılıb.

Daha sonra səfər iştirakçıları “Grand CEO Tour” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının aparıcı sənaye müəssisələrindən olan “REGES Sement” və “Sirab” zavodlarını ziyarət ediblər. Ziyarətlər zamanı iştirakçılar müəssisələrin istehsal gücü, tətbiq olunan müasir texnologiyalar, keyfiyyətə nəzarət mexanizmləri və ixrac potensialı ilə yaxından tanış olub, istehsal proseslərini yerində izləmək imkanı əldə ediblər.

“Grand CEO Tour” çərçivəsində “REGES Sement” zavodunun direktoru Kamal Kərimov və Naxçıvan Mineral Sular qrup rəhbəri, İdarə Heyətinin sədri Namiq Novruzov ilə keçirilən görüşlərdə sənaye sahəsində əməkdaşlıq imkanları, təchizat zəncirlərinin genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər “REGES Sement” zavodu tərəfindən təşkil edilmiş “Grand CEO Dinner” ilə yekunlaşıb.

“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid “Milli.Biz” ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilib. “Milli.Biz” ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

Holdinqin tərkibinə aşağıda qeyd edilən qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid “Milli.Biz” ekosistemi çərçivəsində hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. “Milli.Biz” ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes “networking” platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
azertag.az

1Mənbələr