525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şahanə MÜŞFİQ
Kitabxanalar insanın səssiz dostları olan kitablarla görüşdüyü, dərdləşdiyi, sanki zamanın ləngidiyi, bütün dünyanın bir anlıq susduğu möcüzəvi məkanlardan biridir.
Təəssüf ki, sürətlə yenilənən texnologiya günümüzdə kitabxanaların da rolunu bir qədər azaldıb, ekrana aludə cəmiyyət kitab səhifələrindən, kitabxana rəflərindən uzaq düşüb. "525-ci qəzet"də başladığımız bu layihə oxucular, xüsusən tələbə-gənclər üçün vacib bir xatırlatma, yenidən kitabxana adlı doğma məkana üz tutmağa çağırış məqsədi daşıyır.
Bu gün kitabxanalar təhsil müəssisələrinin nəzdində də öz dəyərli ömrünü yaşayır. Əlbəttə, onların sakinləri də daha çox tələbələr, müəllimlər, tədqiqatçılardır. Layihə üzrə ilk yazımızı Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Bakı Slavyan Universitetinin Kitabxana Öyrənmə Mərkəzindən hazırladıq.
Kitab xəzinəsinə səyahət
Burada bizi müdir Nərminə Abdullayeva qarşılayır. İlk tanışlığımızdan kitablara yüksək münasibəti ilə məndə xoş təəssürat yaradan bu xanımla söhbətimizi sadəcə yığcam iş otağına sığdırmaq fikrində deyilik. Buna görə də elə ilk dəqiqədən kitabxana ilə tanışlığa başlayırıq, müxtəlif nəşrlərlə zəngin, baxımlı rəflərin arası ilə gəzib bu səssiz xəzinəni kəşf etməyə çalışırıq.
Geniş oxu zalları, səliqə ilə düzülmüş fond nüsxələri, sakit mühit burada işləməyi və düşünməyi asanlaşdırır. Belə məkanda faydalı vaxt keçirmək insanı gündəlik həyatın sürətindən ayırıb daha dərin düşüncələrə aparır.

N.Abdullayeva deyir ki, tələbələrin kitabxanadan istifadəsi üçün hər cür şərait yaradılıb. Kitabxananın bütün fondu açıq və əlyetəndir. Onlar əgər kitabı burada oxumaq istəyirlərsə, kimsəyə müraciət etmədən, sərbəst şəkildə gəlib kitab götürə bilərlər. Kitabı müəyyən müddətlik əldə etmək istəyən tələbəyə isə kitabxana əməkdaşları dərhal köməklik göstərirlər: "Kitabxanamızda əsasən dilçilik, ədəbiyyatşünaslıq, tarix, pedaqogika, metodika və digər humanitar və ictimai elmləri əhatə edən ümumilikdə 300000-dən (üç yüz mindən) çox nüsxə kitab saxlanılır. Onların arasında 40000-dən (qırx mindən) çoxu Azərbaycan dilində bədii və elmi ədəbiyyat nüsxələridir. ənənəvi profilə və tədris istiqamətinə uyğun olaraq rus dilində həm bədii, həm də elmi ədəbiyyat çoxluq təşkil edir. Çünki BSU uzun illər rus dili və ədəbiyyatı üzrə ixtisaslaşmış institutun bazasında yaradılıb. Ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Prezident fərmanı ilə institutun profili genişləndirilərək Bakı Slavyan Universiteti kimi fəaliyyətini davam etdirib. Bu kitabxananın əsası 1946-cı ildə qoyulub və əsas fond rus dilində olub. İndi isə, digər dillərdə də kitablar almaqla yanaşı, Azərbaycan dilində ədəbiyyata daha çox üstünlük verilir.
Kitabxanamızda nəşrlər müvafiq qaydaya uyğun olaraq müxtəlif elm sahələri üzrə sistemləşdirilmiş şəkildə düzülüb və rəflərin üzərində bu rəfdə hansı elm sahəsinə aid kitablar olduğu qeyd edilib. Bu, oxucunun işini bir xeyli asanlaşdırır. Bizim universitetdə slavyan xalqlarının dilləri geniş tədris olunduğu üçün burada çex, polyak, belarus, bolqar, Ukrayna və digər dillərdə də kitablar toplanıb. Bundan əlavə, fondda ayrı-ayrı türk xalqlarının dillərində, yunan, alman, ingilis, fransız və sair dillərdə də ədəbiyyat mövcuddur.
Eyni zamanda universitetimizin keçirdiyi konfransların materialları, professor və müəllimlərimizin də kitabları burada toplanaraq mühafizə olunur".
Nadir fond - keçmişin canlı izləri
Reportajın ən maraqlı hissələrindən biri isə qədim və nadir nəşrlərin saxlanıldığı bölmə ilə tanışlıq olur. Bu fonda daxil olmaq sanki başqa bir zamana keçid kimidir.
Burada qorunan bəzi nəşrlər illərin sınağından çıxaraq bu günə gəlib çatıb. Köhnə cildlər, saralmış səhifələr, incə şriftlər - hər detal özündə bir tarix daşıyır. N.Abdullayevanın sözlərinə görə, bu kitabların qorunması xüsusi şərait və diqqət tələb edir: "Bu fonddakı ən qədim kitab 1790-cı ildə nəşr olunub. Həmin ildən 1950-ci ilə qədər olan ümumilikdə təxminən 800-dən çox nüsxə bu fondda mühafizə olunur. Bu nəşrlər bizim mədəni irsimizin bir hissəsidir. Onları qorumaq, gələcək nəsillərə ötürmək bizim əsas vəzifələrimizdəndir". 1790-cı ildə çıxmış həmin nadir nəşr məşhur rus yazıçısı, filosof, inqilabçı Aleksandr Nikolayeviç Raddişevin müəllifi olduğu "Peterburqdan Moskvaya səyahət" kitabıdır.

Qədim və nadir nəşrlər kolleksiyasına daxil edilənlər də elm sahələrinə görə ayrılıb. Burada psixologiya, dilçilik, ədəbiyyat, pedaqogika və sair üzrə kitablar, səyahətnamələr, ensiklopediyalar, lüğətlər səliqə ilə rəflərə düzülüb. Burada 1870-ci illərin nəşrləri - "qızıl suyuna çəkilmiş" lüğətlərlə də tanış oluruq. O lüğətlərin üz qabığı yenidən bərpa olunsa da, kənarlarındakı "qızıl suyuna çəkilmiş" hissələr səliqə ilə qorunub.
Kitabxananın əməkdaşı Solmaz xanım tələbələrin kitablara, eləcə də bu kolleksiyaya olan marağından danışır: "Tələbələrin marağı məni çox sevindirir. Təbii ki, dövrümüzün reallığı belədir ki, gənclərimiz müəyyən qədər kitablardan uzaq düşüblər. Amma kitabxanaçıdan da çox şey asılıdır. Gərək kitabxanaçı təqdim etdiyi kitab haqqında, eləcə də oxucunun axtardığı nəşrlər barədə yaxşı məlumatlı olsun ki, onun da diqqətini buraya yönəldə bilsin. Bu kolleksiyadan ən çox elmi iş yazanlar, tədqiqatçılar istifadə edirlər. Kitabxanaya, buradakı nadir, qədim nüsxələrin mühafizəsinə universitetimizin rektoru Anar Nağıyev də xüsusi qayğı ilə yanaşır. Doğrusu, bu kitabların ayrıca fondda saxlanılmasının vacibliyi məhz rektor Anar müəllimin fikridır. Onun təklifi ilə biz belə bir fond yaratdıq və qədim nüsxələri elm sahələrinə ayıraraq buraya topladıq".
Elektron, yoxsa canlı kitabxana?
Buradakı nadir kitabların elektron variantının yaradılması məsələsi ilə də maraqlanırıq. N.Abdullayeva deyir ki, kitabxanada olan nüsxələrin elektron variantının yaradılması ilə bağlı xüsusi cihaz olsa da, hələlik nadir kitabların bu cür variantı yaradılmayıb: "Çünki bu kitablar çox qədim olduğundan səhifələri də kövrəkdir. Onlar xüsusi skayner cihazı ilə elektronlaşdırılmalıdır ki, heç bir zərər dəyməsin. Amma əlbəttə, xüsusi tələbat olarsa, biz onların da elektronlaşdırılması ilə məşğul olacağıq".
Haqqında bəhs edilən həmin skayner aparatı ilə də tanış oluruq. Kitabxananın əməkdaşı Leyla xanım bizi həm cihazla tanış edir, həm də yerindəcə bir kitabın elektronlaşma prosesini göstərir. Öyrənirik ki, indiyə qədər yüzlərlə kitab elektronlaşdırılıb və proses davam etməkdədir. Həmçinin, oxucu nüsxə sayı məhdud olan hər hansı kitabı müəyyən müddətə əldə etmək istəyirsə, bu cihaz vasitəsilə onun elektron variantını hazırlayaraq həmin oxucuya göndərir və o cümlədən də elektron nəşrlər kolleksiyasına əlavə edirlər.

Kitabxanaların yaxın gələcəkdə tam rəqəmsallaşdırılması ehtimalı da var. Amma N.Abdullayevanın fikrincə, kitabxanalar nə qədər elektronlaşsa da, ənənəvi kitaba, insani münasibətlərə hər zaman ehtiyac var: "Dünyanın bir çox kitabxanalarında olmuşam, onlar da elektron kitabxanaları olmalarına baxmayaraq, hətta oxucu kitabxanaya gəlməsə belə, kağızdan olan kitabları, əyani kataloqlarını qoruyub-saxlayırlar. Çünki bu, tarixdir. Məncə, kitabxana sahəsində də ənənə ilə müasirliyi vəhdət şəklində davam etdirmək lazımdır".
Kitabla bağlı tədbirlərdə yüksək fəallıq
BSU-nun kitabxanası müxtəlif miqyaslı kitab sərgilərində universiteti fəal şəkildə təmsil edir: "Çalışırıq ki, həmin sərgilərdə daha çox universitetimizin öz nəşrləri ilə iştirak edək. Bu sərgilərdə oxucuların bizim kitabxananın stendinə olan maraqları da sevindiricidir. Həmçinin, kitabxanamızda tez-tez tədbirlər, təlimlər keçirilir. Biz özümüz də müəllim və tələbələr üçün təlimlər təşkil edirik. Universitetin müəyyən tədbirlərinin məhz kitabxananın oxu zalında keçirilməsi böyük önəm daşıyır. Çünki tələbələr bu vasitə ilə də kitabxanaya yaxın olur, kitabların arasında mənalı vaxt keçirirlər. Biz BSU-nun kitabxanası olaraq, həm ölkənin böyük kitabxanaları, həm də elm və təhsil ocaqları ilə bu istiqamətdə müntəzəm əlaqədəyik. Universitetimizin müəllimləri öz kitablarını bizə təqdim edərkən həm onların kitablarını, həm də universitetimizin nəşrlərini digər kitabxanalara - AMEA-nın Mərkəzi Elmi Kitabxanasına, Milli Kitabxanaya, Prezident Kitabxanasına və digər uyğun qurumlara göndəririk. Eyni zamanda digər universitetlərdən, qurumlardan da bizə kitablar daxil olması ilə faydalı mübadilə həyata keçiririk.
"Paşa Həyat" Şirkəti ilə "İrs" nəşriyyatının birgə layihəsi olan və tariximizi, ədəbiyyatımızı özündə əks etdirən qiymətli kitablar bu yaxınlarda bizə hədiyyə olundu. Hansısa təşkilatdan, digər universitetlərdən kitabla bağlı tədbir və ya təlimlərə dəvət alırıqsa, məmnuniyyətlə iştirak edirik".

BSU-nun Kitabxana Öyrənmə Mərkəzində ötən ilin dekabr və bu ilin yanvar aylarında universitetin akademik heyətinin məqalələrinin indeksli və yüksək təsirə malik jurnallarda dərcini təşviq etmək məqsədi ilə 4 modullu "Nüfuzlu beynəlxalq jurnallarda məqalə dərci strategiyaları" mövzusunda təlim proqramı keçirilib. Təlimi uğurla bitirən iştirakçılara rektor A.Nağıyev xüsusi sertifikatlar təqdim edib. Bu təlimlərdə günümüzün reallığı olan Süni İntellektdən elmi etikaya riayət etməklə istifadə yolları barədə maarifləndirmə, təbliğat işi aparılıb.
Tələbələrin can atdıqları ünvan
Bu zəngin və maraqlı kitabxanaya baş çəkmək BSU tələbələrinin gündəlik həyatının ayrılmaz hissəsidir. İmtahan dövrlərində burada boş yer tapmaq xeyli çətinləşir. Sakitlik, fokuslanma və kitabların yaratdığı mühit tələbələr üçün ideal şərait yaradır.
Bakı Slavyan Universitetinin kitabxanasında gördüyümüz sevindirici mənzərə sübut edir ki, texnologiyanın sürətlə inkişafda olduğu bir dövrdə də kitabın gerçək dəyəri azalmır. Əksinə, bu cür xoş məkanlar bizə xatırladır ki, bilik yalnız quru informasiyada deyil, həm də kitabın əzəli-əbədi ruhundadır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.