AZ

Politoloq: Qlobal siyasətdə qeyri formal təsir mexanizmləri güclənir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 1 may, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemi artıq klassik diplomatiya, açıq dövlətlərarası dialoq və institusional çərçivələrlə məhdudlaşmır. Qlobal siyasət yeni mərhələyə qədəm qoyaraq daha çox qeyri-formal təsir mexanizmləri, lobbiçilik şəbəkələri, transmilli maraq qrupları və “kölgə diplomatiyası” elementlərinin dominantlıq etdiyi kompleks bir struktura çevrilib. Bu dəyişiklik isə yalnız siyasi alətlərin dəyişməsi deyil, həmçinin qərarvermə proseslərinin mahiyyət etibarilə yenidən formalaşması deməkdir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda Avropa siyasi institutları ətrafında səsləndirilən iddialar epizodik hadisələr kimi deyil, sistemli xarakter daşıyan struktur problemlərin indikatoru kimi qiymətləndirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, Luis Moreno Okampo, Cozef Borrel və Ursula Fon der Lyayen kimi yüksəksəviyyəli fiqurların adlarının bu müzakirələrdə hallanması məsələni fərdi məsuliyyət çərçivəsindən çıxararaq institusional səviyyəyə yüksəldir. Bu isə onu göstərir ki, problem yalnız konkret şəxslərlə deyil, daha geniş qərarvermə mexanizmlərinin şəffaflığı, hesabatlılığı və xarici təsirlərə qarşı dayanıqlılığı ilə bağlıdır.

“Avropa İttifaqında lobbiçilik fəaliyyətinin hüquqi çərçivədə legitim olması danılmazdır. Lakin hazırkı mərhələdə bu fəaliyyət klassik maraq təmsilçiliyi funksiyasını aşaraq daha mürəkkəb və bəzən qeyri-şəffaf təsir alətinə çevrilib. Belə ki, artıq söhbət yalnız fikir və mövqe təqdimatından getmir. Müşahidə olunan tendensiyalar göstərir ki, bəzi hallarda konkret siyasi qərarların formalaşdırılmasına yönəlik koordinasiyalı təsir cəhdləri, müəyyən ölkələrə qarşı sistemli siyasi təzyiq kampaniyaları və informasiya gündəminin məqsədli şəkildə yönləndirilməsi həyata keçirilir. Bu isə lobbiçilik ilə siyasi müdaxilə arasındakı sərhədi faktiki olaraq aradan qaldırır və normativ çərçivələrin effektivliyini sual altında qoyur. Daha ciddi narahatlıq yaradan məqam isə qeyri-formal şəbəkələrin institusional strukturlara nüfuz etməsi ehtimalıdır. Əgər bu cür iddialar təsdiqini taparsa, bu, Avropa siyasi sistemində daxili təhlükəsizlik mexanizmlərinin zəifliyini və qərarvermə proseslərinin kənar təsirlərə açıq olduğunu göstərən ciddi siqnal kimi çıxış edəcək.

Belə vəziyyət isə yalnız institusional etibarlılığa deyil, ümumilikdə Avropa İttifaqının beynəlxalq nüfuzu üçün də ləkədir. Bu proseslərin fonunda Avropanın uzun illər ərzində formalaşdırdığı “normativ güc” konsepsiyası da tamamilə dəyişmiş olur. Demokratiya, insan hüquqları və hüququn aliliyi kimi prinsiplər universal dəyərlər kimi təqdim olunsa da, praktiki siyasətdə onların selektiv və situativ tətbiqi getdikcə daha aydın müşahidə olunur. Xüsusilə enerji təhlükəsizliyi, geoiqtisadi maraqlar və regional təsir uğrunda rəqabət kontekstində bu dəyərlərin instrumental xarakter alması beynəlxalq hüququn bərabərlik və obyektivlik prinsipləri ilə ziddiyyət təşkil edir. Bu isə ikili standartların sistemli xarakter aldığını göstərir və qlobal idarəetmə modelinə olan etimadı zəiflədir. Azərbaycan üçün bu reallıq xüsusi strateji əhəmiyyət daşıyır. Belə ki, ölkəmiz yalnız Cənubi Qafqaz regionunun deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi çıxış edir. Enerji marşrutlarının diversifikasiyası, alternativ təchizat xətlərinin formalaşdırılması və yeni geoiqtisadi layihələrin reallaşdırılması fonunda Azərbaycanın rolu daha da artır. Ona görə də ölkəmizə qarşı aparılan qeyri-obyektiv siyasi kampaniyalar yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regional sabitliyə və enerji təhlükəsizliyi arxitekturasına yönəlmiş risklər yaradır", - deyə A.Qurbanova vurğulayıb.

Politoloq əlavə edib ki, Cənubi Qafqazda vəziyyəti mürəkkəbləşdirən digər amil isə Ermənistanın daxili siyasi proseslərinə mümkün xarici təsir iddialarıdır. Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi sistemə yönəlmiş bu cür müdaxilə cəhdləri, əgər təsdiq olunarsa, dövlət suverenliyi prinsipinin pozulması ilə yanaşı, regionda güc balansını dəyişməyə yönəlmiş daha geniş geosiyasi strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bu cür ssenarilər sülh prosesini ləngitmək, idarə olunan qeyri-sabitlik yaratmaq və regional inteqrasiya təşəbbüslərini zəiflətmək məqsədi daşıya bilər.

Ona görə də müşahidə olunan proseslər ayrı-ayrı qalmaqalların məcmusu deyil, qlobal siyasətdə təsir uğrunda mübarizənin yeni, daha mürəkkəb, çoxqatlı və aqressiv mərhələsinin təzahürüdür. Bu mərhələdə normativ dəyərlər getdikcə daha çox siyasi alətə çevrilir, qeyri-formal şəbəkələr dövlət institutlarının rolunu nisbi şəkildə zəiflədir, informasiya isə strateji təsir vasitəsinə transformasiya olunur. Belə bir reallıqda isə beynəlxalq münasibətlər sistemi formal qaydalardan çox, faktiki güc balansı və təsir imkanları üzərində qurulur. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan üçün əsas prioritetlər aydın şəkildə formalaşır. Belə ki, ölkəmiz milli maraqlara əsaslanan müstəqil və balanslı xarici siyasətin davam etdirilməsi, enerji və nəqliyyat layihələri vasitəsilə geoiqtisadi mövqelərin möhkəmləndirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və beynəlxalq platformalarda prinsipial mövqenin qorunmasını hədəfləyir. Eyni zamanda, regional sabitliyin təmin olunması üçün praqmatik əməkdaşlıq modellərinin inkişafı və kənar müdaxilə cəhdlərinə qarşı institusional dayanıqlığın artırılması həyati əhəmiyyət kəsb edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
azertag.az

2Mənbələr