AZ

Bu il dünyada 45 milyon insan aclıq riski ilə üzləşə bilər

Hörmüz boğazının bağlanması qlobal gübrə ticarətinə ciddi zərbə vurub. Dünyada gübrə daşınmasının böyük hissəsi bu marşrutdan keçdiyi üçün qiymətlər kəskin artıb və təchizatda çatışmazlıq yaranıb. Xüsusilə azot gübrəsi olan karbamidin qiyməti qısa müddətdə 40 faizdən çox yüksəlib.

“BBC” xəbər verir ki, dünyanın ən böyük gübrə istehsalçılarından biri olan Çin daxili ərzaq təhlükəsizliyini qorumaq məqsədilə gübrə ixracına ciddi məhdudiyyətlər tətbiq edib. Bu qərar beynəlxalq bazarda təklifi daha da azaldaraq vəziyyəti ağırlaşdırıb. Nəticədə Cənub-Şərqi Asiyada, xüsusilə Tayland, Vyetnam və Filippində fermerlər gübrə çatışmazlığı və yüksək qiymətlər səbəbindən əkin sahələrini azaltmağa və ya ümumiyyətlə əkin etməməyə qərar verirlər. Bu isə ilin sonunda düyü istehsalının azalması riskini artırır.

Regionda ərzaq zənciri bir-birindən asılıdır. Belə ki, Vyetnam düyü ixrac edir, lakin Çin gübrəsindən asılıdır, Filippin isə əsasən Vyetnamdan düyü idxal edir. Bu zəncirin pozulması milyonlarla insan üçün ərzaq çatışmazlığı yarada bilər. Böhranın təsiri dərhal olmasa da, daha çox ilin sonuna doğru hiss ediləcək. BMT isə xəbərdarlıq edir ki, Yaxın Şərqdəki proseslər nəticəsində 2026-cı ildə dünyada əlavə 45 milyon insan aclıq riski ilə üzləşə bilər.

Təhminə VERDİYEVA,

“Azərbaycan” 

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr