AZ

Ağdamda Milli Qəhrəman Baxşeyiş Paşayevin xatirəsi anılıb

Ağdam, 1 may, AZƏRTAC

Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayevin 90 illik yubileyi qeyd edilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, YAP Ağdam rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Milli Qəhrəmanın döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Çıxış edənlər Baxşeyiş Paşayevin Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparmasından, bu yolda həyatını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalmasından bəhs ediblər.

Məlumat verilib ki, Baxşeyiş Paşayev 1936-cı ilin may ayının 1-də Ağdam rayonunun Əhmədavar kəndində anadan olub. 1988-ci illərdə Qarabağda vəziyyət pisləşəndən, Əli və Bəxtiyar adlı şəxslər qətlə yetiriləndən sonra Baxşeyiş xalq hərəkatına qoşulub, “Qarabağ şahinləri” taborunun ən fəal üzvü kimi, torpaqlarımızın müdafiəsində iştirak edib.

Qəhrəman döyüşçü Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edib. 1992-ci il iyulun 12-də Xocalı rayonunun Xanabad kəndi istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Milli Qəhrəmanın ailə üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdən sonra Milli Qəhrəmanın məzarı ziyarət olunub.

Müxbir – Tahir Ağaməmmədov

Seçilən
44
azertag.az

1Mənbələr