AZ

Potsdamın gizlinləri - Fransanı heçə sayan SSRİ Türkiyədən nə istəyib?

II dünya müharibəsi bitəndən sonra Avropada böyük güclər ərazilərin bölgüsünü aparmaq, yeni nizam qurmaq üçün toplaşmağa məcbur olublar. Milyonlarla insanın ölümü və nasistlərin törətdikləri qırğınlar ön plana çəkilsə də, əsas məsələ hansı dövlətin daha çox torpaq əldə edəcəyi olub. SSRİ, ABŞ və Böyük Britaniya daha ərazini nəzarətə götürmk üçün gizli mübarizəyə başlayıblar.

Herbert Feysin “Potsdam konfransı: Almaniyanın və digər Avropa ölkələrinin müharibədən sonrakı taleyi necə həll edildi” kitabında buna geniş yer verilib. Həmin kitabda deyilir ki, müharibə bitən kimi, isti-isti 1945-ci ilin iyulun 17-dən avqustun 2-dək Berlin yaxınlığında yerləşən Potsdamda “böyük üçlüyün” növbəti görüşü keçirilib. SSRİ-dən İosif Stalin, Böyük Britaniyadan Klement Ettli, ABŞ-dən Harri Trumen bu konfransda iştirak edib.

c2b936a3-962c-47c4-ab45-789acfbabb49.jpeg

İosif Stalin Potsdamda güclü mövqedən çıxış edib. Konfrans onun ərazisində, sovet işğal zonasında keçirilib. Amerikalılar Yaponiyanı məhv etmək üçün Sovet İttifaqı ilə əməkdaşlıq etməkdə maraqlı olublar. Çünki britaniyalılar bu işdə çox az kömək edə bilərdilər. Sovet qoşunları artıq Avropanın yarısını işğal etmişdi və Stalinin bu torpaqlar üzərində heç kimin hökmranlıq etməsinə icazə verməyəcəyi aydın idi.
Ruzveltin ölümündən sonra, aprel ayında prezident olmuş Harri Trumennin bu səviyyədə danışıqlar aparmaq təcrübəsi yox idi. O, əsasən mərhum Ruzveltin xəttini əsas götürür və Yaltada əldə edilən razılaşmalardan çıxış edirdi.

Üstəlik, Trumenin əlində “kozır tuz”u var idi: konfrans zamanı Alamgordo sınaq poliqonunda ilk uğurlu atom bombası sınağı keçirilmişdi. Konfrans zamanı Trumen Stalinə Amerikanın supergüclü bir silah əldə etdiyini pərdəarxası şəkildə bildirib. Stalin müttəfiqini təbrik edib və bunun yaponları təslim olmağa yardım göstərəcəyinə ümid etdiyini bildirib, lakin o, bu yeniliyə o qədər də ciddi maraq göstərmədiyini büruzə verib. Trumen bundan bir qədər məyus olub.

 

b997f95a-3da8-4ff0-a171-410fb9ac8a94.jpeg

1945-ci ildə gözlənilmədən qalib müttəfiqlərin sırasına qoşulmuş Fransanın lideri general Şarl de Qoll isə Potsdama dəvət olunmayıb. Herbert Fays bunun düzgün qərar olduğunu düşünür: əks halda razılığa gəlmək daha da çətin olardı. Fransızlara işğal zonası yox idi, lakin bu, Britaniya və amerikalıların hesabına baş verib. Müzakirə Fransanın təzminat komissiyasında iştirakına gəldikdə, Stalin deyib: “Onda polyakları və yuqoslavları da dəvət etmək faydalı olardı - onlar fransızlardan daha pis döyüşməyiblər və ölkələri də az zərər görməyib”. Bununla məsələnin müzakirəsi başa çatıb.

Konfransda Qara dənizə keçidi bağlayan boğazlar - Bosfor və Dardanel boğazlarına dair məsələ daha ətraflı müzakirə edilib.

Stalin 1936-cı ildən bəri boğazlarda naviqasiyanı tənzimləyən Montrö konvensiyasını ləğv etmək, Türkiyənin zəif olduğunu və təkbaşına heç nə təmin edə bilməyəcəyini iddia edərək Bosforda sovet hərbi bazası yaratmaq fikrində olub. Trumen və Ettl heç bir bazaya ehtiyac olmadığına inanırdılqları üçün bildiriblər ki, qalib güclər tərəfindən heç bir əlavə şərt olmadan sərbəst naviqasiya təmin edilə bilər.
Sonra Molotov bildirib: “Əgər bu, belə yaxşı bir həlldirsə, niyə onu Süveyş kanalına qədər genişləndirməyək?”.

07dd2ad0-1c73-43d1-882b-697ab4d36875.jpeg

Lakin bu, məsələni həll etməyib. Nəsillər boyu rus siyasətçilərinin arzuladığı boğazlar Türkiyənin nəzarəti altında qaldı. Montrö konvensiyası bu günə qədər qüvvədədir.

Buna baxmayaraq, Stalin Polşanın qərb sərhədi ilə bağlı, Sileziya və Şərqi Prussiya limanlarını məğlub olmuş almanlardan geri alıb. Bu ərazilər bu günə qədər Almaniya ilə Polşa arasındakı münasibətlərdə maneə olaraq qalır.

Bütün hallarda Avropanın nasist işğalından qurtaranlar Avropanın yeni işğalçılarına çevriliblər. Almaniya ərazisi SSRİ, Böyük Britaniya, ABŞ və Fransa işğal zonalarına bölünüb. Ələ keçmiş nasist rəhbərlər beynəlxalq tribunala verilib, ölkənin paytaxtı Berlin də 4 zonaya bölünüb.

Konfransda Almaniyanın dövlət sərhədləri müəyyənləşdirilib və ölkə öz ərazisinin 4/1-ni itirib. Almaniyadan alınacaq təzminatın miqdarı 20 milyard dollar müəyyən edilib. Bu məbləğin 50%-i SSRİ-yə çatmalı idi. SSRİ isə Almaniyadan daha böyük məbləğdə hərbi qənimət gətirib. Bunların arasında sökülərək SSRİ ərazisinə daşınan böyük zavod və fabriklər də olub.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

Seçilən
58
musavat.com

1Mənbələr