AZ

Azərbaycan arealının mənəvi parçası İraq türkmanları

525.az saytına istinadən ain.az xəbər verir.

Asif RÜSTƏMLİFilologiya elmləri doktoru, professor

"Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır".

Ümummilli lider Heydər Əliyev

Eyni mənəvi və coğrafi parçalar biləşəndə, bütövləşəndə mövcud ictimai-siyasi formasiyada təbəddülatlar baş verir - yeni imperiyalar yaranır. Dünyada dörd əsrdən çox fatehlik əzmini, cəsarətini, dövlətçilik qürurunu qoruyub saxlayan Qaraqoyunlu (1375-1468), Ağqoyunlu (1468-1501), Səfəvilər (1501-1736) və Əfşarlar (1736-1803) kimi Türk dövlətləri meydana gəlir. Bəzən əksinə də olur, yüzilliklər boyu  bütövlüyünü, suverenliyini qoruyub saxlamış ölkələr, dövlətlər işğalçı müharibələrin nəticəsində coğrafi parçalanmalara məruz qalsalar da, xalqlar, millətlər bir-birilərindən ayrı düşsələr də, ədəbi-mənəvi bütövlük yenilmir, parçalanmır, toxunulmaz qalır. Çünki ədəbiyyatın, mənəviyyatın günəşi sönmür, o öz içindən işıq, nur saçır, pərvanələrini öz ətrafında birləşdirir...

Müstəqilliyini, istiqlalını bir əsr bundan əvvəl qazanmış, suverenliyini, ərazi bütövlüyünü  möhtəşəm zəfərlə bərpa etmiş, yüksəliş yollarında inamla addımlayan Quzey Azərbaycan aydınları, elm adamları Güney Azərbaycan qədər İraq türkmanları ilə, köksündə əbədi azadlıq atəşi kükrəyən Kərküklə bu gün də sıx bağlıdır.

Azərbaycan xalqı ilə İraq türkmanları arasında işıq yolu salan, ədəbi-mədəni və mənəvi körpüləri bərpa edənlərdən biri də Kərkük pərvanəsi, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevdir. O, dövlət tərəfindən 1962-ci ildə İraq Respublikasına göndəriləndə, böyük şairimiz Məhəmməd Füzulinin mənəvi varisləri ilə canlı təmaslar quranda cəmi 25 yaşı vardı. Çox gənc olmasına baxmayaraq, İraq - Türkman mahnılarını, bayatılarını, xoyratlarını, bütövlükdə folklorunu - ulu babaların ruhundan süzülüb gələn bu zəngin mənəviyyat incilərini nəinki sevir, onların alovlu vurğununa, sevdalısına çevrilir, eyni zamanda bu elm sahəsinin fədakar tədqiqatçısı və təbliğatçısı kimi türk dünyasında məşhurlaşır. "Kərkük dialektinin fonetikası", "İraq - Türkman folklorunun janrlar sistemi" adlı dissertasiyalar müdafiə edərək fəlsəfə doktoru və elmlər doktoru dərəcələrinə layiq görülmüşdür. Onun topladığı, tərtib etdiyi və çapa hazırladığı "Kərkük bayatıları", "Kərkük mahnıları", "Kərkük tapmacaları", "İraq-Kərkük atalar sözləri", "Kərkük folkloru antologiyası", "Arzu-Qənbər dastanı" və digər kitabları professorun Kərkük folklorşünaslığına ləyaqətli, sevgi dolu xidmətinin gerçək göstəriciləridir.

Professor Qəzənfər Paşayevin leksikonunda Kərkük məfhumu yalnız bir şəhərin adı, məkanı, ünvanı olmaqdan daha böyük tarixi-mənəvi rəmzi əks etdirən anlayışdır. Kərkük - Yaxın Şərq sivilizasiyasının Qala-dövlət abidəsi olmaqla yanaşı, böyük Türk millətinin İraqda yaşayan bəlli bir kəsiminin etnik mənsubiyyətinin, milli kimliyinin sinonimi statusunda mühüm tarixi önəm daşıyır. "Kərkük folkloru" dedikdə İraq miqyasında, Kərkük arealında min illərdən bəri yaşayıb-yaradan türkmanların mənəvi sərvətləri nəzərdə tutulur. Məhz bu qədim və zəngin mənəvi sərvətlərin təməli üzərində ilk dəfə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin və onun gənc, istedadlı yetirməsi, mənəvi varisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevin yazdıqları "İraq-Türkman ədəbiyyatı tarixi" (2025, 352 s.) adlı monumental əsər yaranmışdır. Zəngin və nadir mənbələr, az məlum olan materiallar, arxiv sənədləri əsasında yazılmış bu ədəbiyyat tarixinin redaktorları kərküklü elm adamları, tanınmış ziyalılardan doktor Mustafa Ziya və doktor Şəmsəddin Kuzəçidir.

Professor Qəzənfər Paşayev və fil.ü.f.d. Orxan İsayev Respublika Dövlət Mükafatına təqdim etdikləri bu mötəbər elmi əsərlə əslində İraq-Türkman ədəbiyyat tarixşünaslığının bünövrəsini, təməl daşını qoymuşlar.

Akademik İsa Həbibbəylinin ümumi redaktəsi və baş redaktorluğu ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanan və yekun mərhələsinə qədəm qoymuş oncildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin XI cildini əminliklə "İraq-Türkman ədəbiyyatı tarixi" adlandırmaq mümkün və məntiqlidir. Çünki çoxcildliyin IX cildi "Cənubi Azərbaycan ədəbiyyatı"na həsr olunduğu halda "bir bütövün parçaları"ndan olan İraq-Türkman ədəbiyyatını əsrin bu möhtəşəm ədəbi-tarixi nəşrindən kənarda saxlanılması, təcrübəvi aspektdən mənəvi birliyimizin, bütövlüyümüzün təminatına biganə yanaşılması, onun istiqlal işığında yazılmış ədəbiyyat tariximizin tərkib hissəsindən qıraqda qalması ədalətsizlik olardı.

Akademik İsa Həbibbəylinin elmi qənaətlərinə əsasən "Azərbaycan dünya kərkükşünaslığının əsas mərkəzidir. Bu qədim türk yurdu haqqında Türkmanelidən də çox Azərbaycanda tədqiqatlar aparılmış, kitablar və məqalələr çap olunmuşdur... Hələ keçmiş sovet hakimiyyəti illərində və müstəqilliyin başlanğıc mərhələsində Azərbaycanda Kərkükşünaslığın möhkəm təməlləri atılmışdır".

Bəllidir ki, İraqda qədim və çağdaş türk ədəbiyyatı mövzusunda tanınmış tədqiqatçılardan Əta Tərzibaşı, Əbdüllətif Bəndəroğlu, Şakir Sabir Zabit, Sübhi Saatçı, Mahir Naqib, Şəmsəddin Kuzəçi, Əhməd Fərman Sait Yolçu, Bilgexan Atsız Gökdağ və digərləri İraq-Türkman ədəbiyyatı tarixinin fərqli yönləri barədə dəfələrlə dəyərli məqalələr yazıb yayımlamışlar. Onlar Kərkük ədəbiyyatşünaslığı, İraq - Türkmən ədəbiyyatı tarixinə aid zəngin və dəyərli ədəbi materiallar toplayıb nəşr etdirmiş, lakin görülən işlər əsas hədəfə çatmaq üçün yetərli olmamışdır.

Ədəbi-tarixi sanbalına, əhatə miqyasına görə kərkükşünaslıq sahəsində ən uğurlu elmi iş, irəliyə doğru atılmış mühüm addım, şübhəsiz ki, professor Qəzənfər Paşayevin və fil.ü.f.d. Orxan İsayevin müştərək yazdığı "İraq-Türkman ədəbiyyatı tarixi" kitabıdır. Bu əsər uzun onilliklərdən bəri ali təhsil müəssisələrində bakalavr və magistrların eyniadlı dərsliyə olan ehtiyacını ödəmək üçün yaranmış unikal fürsət, mövcud boşluğun aradan qaldırılması istiqamətində xüsusi önəm daşıyan, reallığı mahiyyətində əks etdirən şans, elmi monoqrafiyadır.

Fundamental tədqiqat işi olan "İraq-Türkman ədəbiyyatı tarixi" - "Şifahi xalq ədəbiyyatı" və "Yazılı ədəbiyyat" adlı iki mühüm bölümdən ibarətdir. Müəlliflər bu araşdırma əsərinə "Azərbaycan ədəbiyyatı tarixi"nə aid dövrləşmə mərhələlərini və metodologiyasını tətbiq etmiş, ədəbi-mədəni mühitə tam aydınlıq gətirməyi, icmal və təhlillərdə dəqiqliyə, mənbə və məxəzlərə üstünlük verməyi, ədəbi portret cizgilərində şair və ədibləri ictimai-tarixi mühit kontekstində doğru-dürüst dəyərləndirməyi bacarmışlar.

"İraq-Türkman ədəbiyyatı tarixi"nin birinci bölümünün ilk fəsli "Mərasim folkloru" ilə başlayır. Müəlliflər fəsli iki qola ayırmışlar: 1. İlkin və ya arxaik janrlar, 2. Xalq mərasim və nəğmələri. Kitabda ilkin janrlardan sayılan inanclar geniş təhlil olunmuş, İraq-Türkman folklorunda məişət, təbiət hadisələri, bitki və heyvanat aləmi, astral təsəvvürlər, əsatiri görüşlərlə bağlı inanclar yazılı nümunələr əsasında incələnmişdir. Kərkük folklorunun Xalq mərasim və nəğmələrini kitabın müəllifləri üç qismə ayırır: mövsüm, dini və məişət mərasim nəğmələri.

Ədəbiyyat tarixinin lirik növ adlanan ikinci fəsli "Xoryatlar və manilər"lə başlayır. Xoryatlar Kərkükdə geniş yayılmış, milli özünəməxsusluğa malik lirik şeir janrıdır. Necə deyərlər bizim bayatılara qan qohuluğu çatır.

Necə dağlar,

Qarşıda necə dağlar...

Yetim yanağı bilir,

Göz yaşı necə dağlar (s.47) 

Bu cinaslı xoryatın məzmununda ağrılı-acılı həsrət duyulmaqda, tarixin dərinliklərindən gələn fəryad, nalə eşidilməkdədir. Naməlum Kərkük şairi bir neçə yerə parçalanmış, bir-birindən ayrı düşmüş, dağların da çəkməyə aciz qaldığı bir xalqın dərdini, acısını, iniltilərini "Yetim yanağı"na necə böyük sənətkarlıqla yükləmişdir. Bu "Yetim yanağı" obasından, elindən, dövlətindən cüda düşmüş İraq Türkmanlarının canlı obrazı, əsrlərin dərinliklərindən bu günümüzə boy göstərən fəryad abidəsidir.

Müəlliflərin qənaətinə əsasən Kərkük dolaylarında iyirmidən çox xoryat üsulları mövcuddur: Bəşiri, yetimi, müxalif, qarabağlı, bayat, miskini və s. Bu adlar Azərbaycan türkünün də yaddaşını oyadan məfhumlardır. Kitabın "Xalq havaları", "Beşik nəğmələri", "Oxşamalar", "Bayatı-tapmacalar" paraqraflarında Kərkük mahnılarının xalqın bədii təfəkküründən, müdrikliyindən su içdiyi, müqəddəs inanclarından barındığı, bəhrələndiyi vurğulanmışdır.

"İraq-Türkman ədəbiyyatı tarixi"nin üçüncü fəsli "Epik növ"dən başlanır. Elmi işin müəllifləri fəsillə bağlı yazırlar: "İraq-Türkman folklorunda ən geniş yayılan janrlar epik növə aiddir. Buraya nağıllar, atalar sözü və məsəllər, tapmacalar, lətifələr və dastanlar daxildir... Hər janrın özünəməxsus səciyyəvi xüsusiyyətləri və böyük elmi əhəmiyyəti vardır" (s.87).

Əsərin tədqiqatçıları xalqın sevdiyi və ən çox oxunan İraq-Türkman nağıllarını mövzuya uyğun olaraq sehrli nağıllar, tarixi nağıllar, heyvanlar haqqında nağıllar və ailə-məişət nağıllarına ayırmışlar. Xalq müdrikliyinin, təfəkkürünün nadir inciləri sayılan nağılları müəlliflər ətraflı təhlil edərək onu Kərkük folklorunun ayrılmaz tərkib hissəsi, milli-mənəvi özünəməxsusluqların yaddaş saxlancı, mədəniyyət örnəyi olaraq dəyərləndirmişlər. Fəslin atalar sözü və məsəllər, tapmacalar, lətifələr və dastanlar paraqrafında İraq-Türkman folkloru ilə çağdaş Azərbaycan folkloru arasındakı cüzi fərqlər istisna olunmaqla dərin bağlılıq, incə ruhlu bənzəyiş, səmimi səsləşmə, süjet oxşarlığı müşahidə edilməkdədir. Kökdən, ilkinlikdən gələn mənəvi bağlılıqlar hər iki xalqın eyni soya, dilə, dinə, mədəniyyətə, ruha malik olduğunu təsdiqləyən qədim və zəngin folklor sərvətimizdir.

Monoqrafiyada Aşıq yaradıcılığı və dastanlar xüsusi paraqrafda təqdim edilmişdir. XVIII yüzillikdə yaşayıb-yaratmış Aşıq Bağdadi və onun qoşmaları haqqında, eləcə də Aşıq Saqi, Kor Abış, Aşıq Abbas, Aşıq Məhəmməd və digərləri barədə qiymətli məlumatlar, şeir nümunələri böyük maraq kəsb edir. "Koroğlu", "Arzu-Qənbər" dastanlarının Azərbaycandakı eyniadlı folklor abidələri ilə məzmun və süjet yaxınlığı monoqrafik tədqiqat işində xüsusi qabardılmış və önə çıxardılmışdır.

"İraq-Türkman ədəbiyyatı tarixi"nin "Yazılı ədəbiyyat" bölümü bir neçə fəsildən ibarətdir: "İraq-Türkman ədəbiyyatının başlanğıc mərhələsi", "XVI əsr İraq-Türkman ədəbiyyatı", "XVIII-XIX əsrlər İraq-Türkman ədəbiyyatı" və "XX-XXI əsrlər İraq-Türkman ədəbiyyatı". Tədqiqatda Əbdüllətif Bəndəroğlunun mülahizələrinə istinad olunaraq bildirilir ki, "...Türklərin İraqda məskunlaşmasından 7 əsr sonra İraq-Türkman yazılı ədəbiyyatı İmadəddin Nəsimi əl-Bağdadi yaradıcılığı ilə meydana çıxıb və ona qədər heç bir Türkman şairin varlığı təsdiq edilməyib" (s.166).

Tədqiqat işində Qazi Bürhanəddin (1345-1398), İmadəddin Nəsimi (1369-1417), Əbdülqədir Marağayi (1360-1435), Cahan şah Həqiqi (1397-1467), Şah İsmayıl Xətai (1487-1524) və b. görkəmli türk ədəbiyyatının klassiklərinin yaradıcılığını dil faktoruna əsaslanaraq İraq-Türkman ədəbiyyatşünaslarının özününküləşdirməsi təbii və anlaşılandır, çünki biz eyni kökdən, soydan, dildən olan "bir bütövün parçaları"yıq.

Ədəbiyyat tarixinin V fəsli İraq-Türkman ədəbiyyatının XVI yüzilliyini əhatə edir. Məhəmməd Füzuli öndə gəlməklə Əhdi Bağdadi, Hüşyar Dədə, Ruhi Bağdadi, Şəmsi Bağdadi, Zöhdi Bağdadi, Didar Dədə və b. həyat və yaradıcılığı icmal şəklində çox qiymətli məlumatlarla zəngindir. Müəlliflər Əhdi Bağdadinin "Gülşəni-Şüəra" təzkirəsindən də yerli-yerində faydalanmışlar. Tədqiqat işinin VI fəslində İraq-Türkman ədəbiyyatının XVIII-XIX yüzillikləri işıqlandırılmışdır. Bu dövrün tanınmış şairlərindən Məhəmməd Novruzi, İsmayıl Məkki, Hüseyn Kami, Məhəmməd Nari və digərləri Osmanlı ədəbiyyatının təsiri altında divan poeziya nümunələri yaratmışlar. Klassik şeirlə xalq şeirinin qoşa qanad kimi yüksəlişində, tərəqqisində Kərkük poeziyasının yeri və rolu müstəsnadır. Heydəroğlu, Eyvazoğlu, Şeyxoğlu və b. dövrün tanınan və sevilən şairlərindən idi.

XIX yüzillikdə yazıb-yaradan şairlərdən Hacı Abdullah Safi, Mehmet Mehri (1849-1918), Şeyx Əbdürrəhman Halis, Nevres-i Salis, Əbdülqədir Faiz (1834-1897), Şeyx Rza Təlabani (1835-1910), Şeyx Məhəmməd Xalisi (1875-1923), İbrahim Haqqı Xəzani və digərləri Osmanlı ədəbi mühitinin təsiri ilə klassik və xalq şeir janrlarını inkişaf edirmiş, İraq-Türkman ədəbiyyatını zənginləşdirmişlər.

"İraq-Türkman ədəbiyyatı tarixi"nin sonuncu fəsli XX əsr və XXI yüzilliyin əvvəllərinə qədər olan böyük bir dövrü əhatə edir. Bu dövrü İraq-Türkman ədəbiyyatının çiçəklənmə dövrü də adlandırmaq mümkündür. Sərbəst şeirin ilk nümunələri yaranır, heca vəzni əruz üzərində dominantlıq edir, mətbuat orqanları yerli əhalinin maariflənməsində, məktəblərin açılmasında təsiredici üstünlüklər qazanır, azad söz bədii ədəbiyyatı məfkurə və struktur baxımından polifonik platformaya daşıyır. İraq-Türkman ədəbiyyatşünaslığı cəsarətlə meydana çıxır. Əta Tərzibaşını (1924-2016) bütün yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının Firidun bəy Köçərlisi ilə müqayisə etmək olar. Ə.Tərzibaşının on üç cildlik "Kərkük şairləri, üç cildlik "Kərkük xoryatları və maniləri", üç cildlik "Ərbil şairləri" və b. adlı əsərləri ilə sələfi F.B.Köçərlinin 1925-1926-cı illərdə dörd kitabdan ibarət nəşr edilən "Azərbaycan ədəbiyyatı tarixi materialları" adlı dəyərli ərmağanı yönündəki işini uğurla davam və inkişaf etdirmişdir. İctimai-siyasi hadisələrin tarixi inkişafı bir daha təsdiqləyir ki, Quzey-Güney Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır. İlk dəfə "İraq-Türkman ədəbiyyatı tarixi"ni yazmaq professor Qəzənfər Paşayevin və fəlsəfə doktoru Orxan İsayevin təbii haqqı olaraq qismətinə düşmüşdür.

Q.Paşayevin və O.İsayevin "İraq-Türkman ədəbiyyatı tarixi" yeni düşüncə müstəvisində yazılmış, elmi yeniliklərlə zəngin, dövrü və mühiti ədəbi proses məcrasında əhatəli, dəqiq təqdim edən elmi-tədqiqat yönümlü monoqrafiyadır. Bu əsəri elmi məziyyətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq hesab edirəm.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
525.az

3Mənbələr