AZ

Kiçik bir sirrim var İnci 300 balı necə toplamasından DANIŞDI

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

9-cu sinif buraxılış imtahanlarında 300 maksimal bal toplayaraq Azərbaycanın təhsil gündəminə düşənlərdən biri də Bakı şəhəri, S.C. Pişəvəri adına Humanitar fənlər gimnaziyasının şagirdi İnci Bayramzadə də öz fərqli metodikası ilə seçilir. Onun uğuru sadəcə təsadüf deyil, dərsi bir hobbi kimi sevməsinin və dəqiq hesablanmış strategiyasının nəticəsidir.

Redaktor.az olaraq bu barədə onun təəssüratlarını öyrəndik.

– Hazırlıq prosesin digərlərindən nə ilə fərqlənirdi? Neçə saat kitab başında vaxt keçirirdin?

– Mən hazırlıqlara ötən ilin iyun ayından, DİM vəsaitləri ilə asta templə başladım. Bir çoxları saatlarla masa arxasında oturmağı uğur saysa da, mənim fərqli yanaşmam var: Gündəlik həll edilən sual sayı sərf edilən zamandan qat-qat önəmlidir. Keyfiyyət kəmiyyətdən üstündür. Üstəlik, beynimi yormurdum, həftədə bir günü mütləq istirahətə ayırır, bədii qiraətlə məşğul olurdum.

– İmtahan zalındakı o gərgin atmosferi necə dağıtdın?

– Əslində, mən demək olar ki, həyəcanlı deyildim. Çünki il ərzində dəfələrlə sınaq imtahanlarında iştirak etmişdim, bu mənim üçün adiləşmişdi. Bir də kiçik bir sirrim var: İmtahan mərkəzinə başlamazdan ən az yarım saat əvvəl daxil olmaq lazımdır. O vaxt kəsiyində mühitə öyrəşirsən və həyəcanın sovuşub gedir.

– İndi hər kəs səndən danışır, müsahibələr verirsən. Bu məşhurluq hissi necədir?

– Kiçik yaşlarımdan müxtəlif olimpiada və müsabiqələrdə qalib gəldiyim üçün ətrafımdakı insanlar arasında bu cür diqqət görməyə alışmışam. Amma etiraf etməliyəm ki, budəfəki miqyas fərqlidir. Respublikada tanınmaq, ard-arda gələn müsahibə müraciətləri mənə imza atdığım uğurun nə qədər böyük olduğunu daha dərindən hiss etdirir.

– Gələcək planların və 11-ci siniflə bağlı hədəflərin nədir?

– Mən dərsi məcburi bir iş kimi görmürəm, dərs oxumaq artıq mənim hobbimə çevrilib. İmtahan fənləri ilə yanaşı digər məktəb dərslərini də araşdırır, maraqlı məqamları müəllimlərimlə müzakirə etməkdən zövq alıram. Hədəfim eynidir: Davamlı olaraq öz üzərimdə işləmək və 11-ci sinifdə bu nəticəni yenidən təkrarlamaq.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
redaktor.az

2Mənbələr