
Dövlət İmtahan Mərkəzi aprelin 5-də keçirilən 9-cu sinif buraxılış imtahanının nəticələrini açıqlayıb. 8 nəfər şagird maksimal 300 bal toplayıb. Şəki şəhəri, Kimya biologiya təmayüllü respublika liseyin şagirdi Aysu Cəmilli imtahanda 300 bal toplayaraq adını ölkə birinciləri sırasına yazdırıb.
Redaktor.az-ın əməkdaşı imtahanda qazandığı bu möhtəşəm uğurla həm ailəsini, həm də müəllimlərini qürurlandıran Aysu ilə söhbətləşib.
– İlk olaraq suallarla bağlı təəssüratlarını bölüşərdin. İmtahan sənin üçün çətin idi, yoxsa asan?
– Düzünü desəm, imtahan mənə görə asan idi. Sualları cavablandırarkən heç bir çətinlik çəkmədim. Ümumiyyətlə, hazırlıq səviyyən yaxşı olanda suallar adama daha anlaşıqlı gəlir.
– Bəs bu nəticəni gözləyirdinmi? Yoxsa 300 balı ekranda görmək sənin üçün sürpriz oldu?
– Bəli, maksimal nəticəni gözləyirdim. Amma təbii ki, nəticələr elan olunana qədər daxilimdə kiçik də olsa şübhələrim var idi. Hər şeyin tam dəqiqləşməsini gözləmək həyəcanlı idi.
– 300 bal topladığını öyrəndiyin ilk an bu sevinci kiminlə bölüşdün?
- Maksimum balı ailəmlə birlikdə öyrəndim. Əslində, nəticələrə ilk olaraq haradan baxa biləcəyimi tam dəqiq bilmirdim. Ona görə də cavabları elə atam, anam və ailə üzvlərimlə hamımız bir yerdə öyrəndik. O sevinci elə ilk saniyələrdən birlikdə yaşadıq.
– Uğur yolunda dəstək hər zaman önəmlidir. Sənə kimlər stimul verdi?
– Bu yolda ən böyük dəstəkçim valideynlərim olub. Onlar mənə hər zaman inanırdılar. Eyni zamanda, müəllimlərimə də minnətdaram. Xüsusilə Turan müəllimə, Murad müəllimə və Nəzakət müəllimə təşəkkürümü bildirirəm, onların zəhməti mənim üçün çox qiymətlidir.
- Hazırlıqlara nə vaxtdan başlamışdın? Gündəlik rejimin necə idi?
– Mən riyaziyyat fənnindən özümə əmin idim, ona görə bu fənnə çox vaxt sərf etmirdim. Azərbaycan dili və ingilis dilindən zəif olduğumu düşündüyüm üçün yay tətilindən bu fənlər üzərində işləməyə başladım. Xüsusi bir rejimim yox idi, amma düzənli oxuyurdum. Gündə təxminən 3-4 saat dərslərimə vaxt ayırırdım.
– İmtahan günü həyəcanını necə idarə etdin?
– İmtahan zalına daxil olanda heç həyəcanlı deyildim. Çünki il ərzində çoxlu sınaq imtahanlarında iştirak etmişdim və bu məndə vərdiş yaratmışdı. Sadəcə cavabları yoxlayan zaman bir az həyəcanlandım, o da təbii idi.
– Yüksək bal toplamaq üçün hobbilərdən, əyləncədən imtina etmək şərtdir?
– Mən düşünmürəm ki, uğur qazanmaq üçün nədənsə mütləq şəkildə imtina etmək lazımdır. Sadəcə mən əvvəllər çox vaxt sərf etdiyim məşğuliyyətləri bir az azaltdım və həmin vaxtı dərs oxumağa sərf etdim. Yəni balansı qorumaq kifayətdir.
– Gələcək planların necədir? Artıq hədəf seçilibmi?
– Bəli, gələcəkdə kompüter mühəndisi olmaq istəyirəm. Bu sahəyə böyük marağım var və növbəti hədəflərim də bununla bağlıdır.
- Qarşıda səni daha çətin – 11-ci sinif imtahanları gözləyir. Növbəti hədəfin nədir?
– Əlbəttə, hər bir məktəbli kimi mən də növbəti mərhələdə yenidən 300 bal toplamaq istəyirəm. Amma mənim üçün bu sadəcə bir rəqəm deyil, böyük bir hədəfə gedən yoldur. Əsas məqsədim ADA Universitetində təhsil almaqdır. Bilirəm ki, ora qəbul olmaq və orada oxumaq üçün daha çox çalışmalıyam.
Aminə ŞAHSUVARQIZI