Kuba ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni sanksiyalara qarşı çıxıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodrigez açıqlama verib.
O, yeni məhdudiyyətlərin birtərəfli məcburi tədbirlər olduğunu və Kuba xalqının kollektiv cəzalandırılmasına yönəldiyini söyləyib. Rodrigez qeyd edib ki, sanksiyalar ABŞ Prezidentinin sərəncamı əsasında tətbiq edilib. Nazir Havananın bu cür hərəkətləri BMT Nizamnaməsinə zidd hesab etdiyini vurğulayıb.
O, həmçinin bildirib ki, Vaşinqtonun Kubaya, eləcə də üçüncü ölkələrə, təşkilatlara və strukturlara qarşı bu cür tədbirlər tətbiq etmək hüququ yoxdur.