Qarabağda səfərdə olan diplomatik korpus nümayəndələri Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar.
Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərində hazırda inşa olunan yeni məscidin tikinti meydanında olublar.
Qonaqlara şəhərin yeni simvolu olacaq yeni Şuşa məscidi haqqında məlumat verilib.
Bildirilib ki, təməli 2021-ci ildə dövlət başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək.
Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu da öz növbəsində Şuşanın işğalçılardan azad olunduğu günü - Zəfər Gününü simvolizə edəcək.
Məscidin iki minarəsi isə 11 rəqəmi formasında olacaq. Bu isə Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzidir.
Minarələrinin hündürlüyü 72 metr olacaq məscid Şuşanın yuxarı hissəsində inşa edilir. Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək.
Məscidin inşasının gələn il yekunlaşdırılması nəzərdə tutulub