Xalqımızın toy kimi adəti var. Amma son illər toy öz fəlsəfəsindən və mahiyyətindən çıxıb. Toy çox zaman iki gəncin xoşbəxt ailə həyatına bir vəsilə, körpü rolundan çox, valideynlərin borclanma trendinə çevrilib.
Maraqlıdır ki, toylardakı israfçılıqla bağlı digər ölkələrdə də həyəcan təbili çalınır. Məsələn Türkiyənin Şırnak vilayətində Qoyan tayfası toy xərclərini azaltmaq qərarına gəlib.
Tayfanın ağsaqqalları, bələdiyyə rəhbərləri, muxtarlar və gənclərin iştirakı ilə keçirilən toplantıda toylarla bağlı 21 maddəlik yeni qayda toplusu müəyyənləşdirilib.
Yeni qaydalara əsasən, gəlinə taxılacaq qızıl maksimum 70 qramla məhdudlaşmalı, nişan və “hə” mərasimləri eyni gün keçirilməli, toy isə yalnız bir gün davam etməlidir. Bundan başqa, bahalı səhnə quruluşu, rayon xaricində fotosessiya və gözəllik xidmətləri, eləcə də uzun avtomobil karvanları qadağan edilib. Gəlinlik və nişan geyimlərinin isə yerli satıcılardan alınması tələb olunur.
Eyni zamanda, xidmətlər üçün də limitlər müəyyən edilib: orkestr üçün maksimum 40 min, videoçəkiliş üçün 30 min, bərbər və makiyaj xidmətləri üçün isə 5 min lirə hədd qoyulub.
Aşirət nümayəndələrinin sözlərinə görə, bu dəyişikliklər nəticəsində əvvəllər 2 milyon lirəyə çatan toy xərcləri artıq təxminən 500 min lirə səviyyəsinə enəcək.
Bölgədə gənclər müsbət qarşılanan qaydalara əməl etməyənlərin toylarına qatılmamaq kimi sosial mexanizm də nəzərdə tutulub.
Bəs bizdə də belə bir qayda formalaşa bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, Türkiyədə aşirət qaydalarına uyğun bir qərar verilib:
“Amma mən bu qərara müsbət baxıram. Azərbaycanda da buna bənzər qaydalara ehtiyac var. Toylarımızı gərginlik, vəhşilik elementlərindən, məsrəfdən xilas etmək lazımdır. Toya çəkilən xərcləri yönəltməliyik ailə quran gənclərin ehtiyaclarına. Çalışmalıyıq ki, yeni ailənin təməli maddi cəhətdən də möhkəm olsun.
Bu nəcib işin yolu müxtəlif ola bilər. Amma biz ən optimal yolu tapmalıyıq. Təəssüf ki, hazırkı toylarımız mədəni dəyərlərimizə kölgə salan hala gəlib. Açığını deyim ki, yas məclislərimizdə ortaq məxrəcə gəlinib. Xərclər minimuma endirilib. Amma toy üçün konkret model təklif eləmək çətindir. Maraqlar gərək uzlaşa. Ona görə də bu məsələdə dövlətin də tənzimləmə funksiyası gərəkir ki, bu da hər bir vətəndaşın xeyrinə ola bilər”.
Surxay Atakişiyev, Bizim.Media