Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Explore Azerbaijan with IDEA" layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda "Azərbaycan təbiətinin izi ilə" adlı sərgi keçirilir.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə layihənin fotoqraf və videoqrafı Saleh Baxşiyev tərəfindən Azərbaycanın müxtəlif milli parklarında lentə alınan 30 fauna növünə aid fotoşəkillər nümayiş olunur. Təqdim edilən fauna növlərinin böyük hissəsi Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib.
Açıq havada təşkil olunan sərgi IDEA İctimai Birliyi, Dənizkənarı Bulvar İdarəsi və Bakı Zooloji Parkının tərəfdaşlığı ilə keçirilir. Bir ay davam edəcək sərgi çərçivəsində şəhər sakinləri və paytaxtın qonaqları Azərbaycanın zəngin biomüxtəlifliyini əks etdirən fotoşəkillərlə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə 2025-ci ildə fəaliyyətə başlayan "Explore Azerbaijan with IDEA" layihəsinin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, həmçinin ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazası formalaşdırmaqdır.
"Explore Azerbaijan with IDEA" təkcə maarifləndirici layihə deyil, həm də təbiətin qorunması və gələcək nəsillərə ötürülməsi üçün çağırışdır.
Azərbaycan təbiətinə məxsus eksklüziv foto və video məzmunları layihənin rəsmi sosial media səhifələrindən izləmək mümkündür.
• Instagram: https://www.instagram.com/explore.aze
• Facebook: https://www.facebook.com/explore.aze
• YouTube: https://www.youtube.com/@exploreazerbaijan.withidea