Daxili İşlər Nazirliyi (DİN) həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb.BUTA.TV xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlığına əsasən, paytaxt və bölgələr arasında hərəkət intensivliyi yüksəlir. Qeyd edilib ki, hər iki istiqamət üzrə səfərlərin sayının artması nəticəsində, xüsusilə avtomagistrallarda nəqliyyat sıxlığı yaranır və bu da qəza riskinə təsirsiz ötüşmür. DİN hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, respublika ərazisində nəzarət-profilaktik tədbirləri gücləndirilib. Bununla yanaşı qeyd olunub ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, texniki nasazlıq, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri qaçılmaz olur. Belə halların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir: "Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, nasaz nəqliyyat vasitəsilə yola çıxmayın, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hazırda mövsüm üçün xarakterik olan yağmurlu hava şəraitini, yoldakı real vəziyyəti nəzərə alın. Uzaq məsafələrə səfərləri fasilələrlə qət edin, yorğun, yuxusuz halda sükan arxasına əyləşməyin".