AZ

İran müharibəsi qaz bazarını parçaladı Avropa və Asiyada kəskin bahalaşma...

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ və İsrailin İrana qarşı başladığı müharibə qlobal enerji bazarında gözlənilməz nəticələr doğurub.

“AzPolitika” Reuters” agentliyinin hazırladığı təhlilə istinadla xəbər verir ki, xüsusilə təbii qaz bazarında kəskin parçalanma müşahidə olunur: Avropa və Asiyada qiymətlər sürətlə artır, ABŞ-da isə əksinə, qaz bolluğu səbəbindən rekord ucuzlaşma qeydə alınır.

Müharibə və İranın Fars körfəzi ölkələrinin enerji infrastrukturuna zərbələri nəticəsində dünya üzrə mayeləşdirilmiş təbii qazın (LNG) təxminən 20%-lik hissəsinin ixracı dayanıb. Xüsusilə Qətərə məxsus LNG obyektlərinin zədələnməsi və tanker gəmilərinin Hörmüz boğazı vasitəsilə hərəkət edə bilməməsi bazarda ciddi təchizat böhranı yaradıb. Nəticədə Avropa və Asiya ölkələri alternativ qaz mənbələri axtarmağa məcbur olub.

Maraqlıdır ki, bu böhran fonunda ABŞ-da tam əks mənzərə yaranıb. Dünyanın ən böyük qaz istehsalçısı olan ölkədə təklif o qədər çoxdur ki, bəzi istehsalçılar qazı satmaq əvəzinə, onu götürənlərə pul ödəməli olurlar. Xüsusilə Permian Basin bölgəsində qazın qiyməti sıfırdan aşağı düşüb. Bunun əsas səbəbi isə boru kəmərlərinin dolu olması və əlavə nəql imkanlarının olmamasıdır.

Müharibə başlayandan bəri ABŞ-da qazın qiyməti 12%-ə qədər ucuzlaşaraq 17 ayın minimumu – 2,52 dollar/MMBtu səviyyəsinə düşüb.

Eyni dövrdə Avropada qaz qiymətləri 84% artaraq 21-22 dollar/MMBtu, Asiyada isə 108% yüksələrək oxşar səviyyəyə çatıb. Bu, qlobal qaz bazarında kəskin “ikiqütblü” vəziyyət yaradıb.

Problem ondadır ki, ABŞ-da qaz ucuz olsa da, bu resursu xarici bazarlara çıxarmaq mümkün deyil. LNG terminalları artıq maksimum gücdə işləyir, yeni ixrac imkanları isə yaxın aylarda gözlənilmir. Ekspertlərin fikrincə, vəziyyət yalnız yeni boru kəmərləri və LNG zavodları istifadəyə veriləndən sonra dəyişə bilər. Bu isə ən tez 2026 sonu – 2027-ci ilə qədər uzana bilər.

Qazdan fərqli olaraq neft bazarında qiymətlər daha balanslı şəkildə artır. Brent markalı neft hazırda 111 dollar, ABŞ-ın WTI markası isə 104 dollar civarında ticarət olunur. Hər iki göstərici müharibə nəticəsində 50%-dən çox bahalaşıb.

Mövcud vəziyyətdə ən çox qazanan tərəf artıq LNG ehtiyatı olan şirkətlərdir. Xüsusilə ABŞ şirkətləri – “Venture Global və Cheniere Energy” Qətərin bazardan çıxmasından sonra tələbatı qarşılamaq üçün ixracı artırıblar.Bununla belə, qaz istehsalçıları o qədər də qazanclı vəziyyətdə deyil. Onlar məhsulu daxili bazarda aşağı qiymətlə satmağa məcbur qalır. Hətta bəzi şirkətlər, o cümlədən EQT Corporation hasilatı müvəqqəti azaltmaq qərarına gəlib.

Proqnozlara görə, ABŞ-ın LNG ixrac gücü 2030-cu ilə qədər iki dəfəyə yaxın artacaq. Lakin qısa müddətdə qlobal qaz bazarında bu qeyri-bərabərlik davam edəcək. Beləliklə, İran müharibəsi təkcə geosiyasi deyil, həm də enerji bazarlarında ciddi struktur dəyişikliklərinə səbəb olub – və bu təsirlərin yaxın illərdə də davam edəcəyi gözlənilir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
azpolitika.info

1Mənbələr