AZ

Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırıldı – ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkarlanıb

Bakı.TurkicWorld:

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi 46 ünvanında yerləşən metaləritmə müəssisəsində aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində ciddi nöqsanlar aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) TurkicWorld-a verilən məlumata görə, müəyyən edilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi tam quraşdırılmayıb, mövcud qurğular isə nasaz vəziyyətdədir. Elektrik təsərrüfatı qüvvədə olan qaydalara uyğun təşkil olunmayıb, kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib.

Bununla yanaşı, müəssisə ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud odsöndürən balonların tərkibi yenilənməyib. Obyektdə yanğın su hovuzu yoxdur, tikililər arasında yanğına qarşı nəzərdə tutulan ara məsafələr isə müxtəlif materialların yığılması səbəbindən pozulub.

Həmçinin, yanğın təhlükəsizliyi rejimi ilə bağlı müvafiq əmrin verilmədiyi və obyektin fəaliyyətinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı müəyyən olunub.

Mövcud vəziyyət obyektin fəaliyyətinin davam etdirilməsi halında baş verə biləcək yanğının qısa müddətdə genişlənərək ciddi fəsadlara səbəb ola biləcəyini göstərir.

Qeyd olunan pozuntular nəzərə alınaraq, müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib və sənədin bir nüsxəsi obyekt nümayəndəsinə təqdim olunub.

Seçilən
52
turkic.world

1Mənbələr