Səudiyyə Ərəbistanı hökuməti Qarabağdakı infrastruktur layihələrində iştirak imkanlarını nəzərdən keçirir.
"Far.Az"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli jurnalistlərə bildirib.
"Səudiyyə Ərəbistanının həm dövlət, həm də özəl şirkətləri Azərbaycanda, xüsusən də Qarabağda turizm, kənd təsərrüfatı və digər sahələrdə işləmək imkanına maraq göstərirlər. Biz Azərbaycan hökuməti ilə çox sıx əməkdaşlıq edirik", - diplomat bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Qarabağda bərpa işləri prosesini diqqətlə izləyir:
"Mən dəfələrlə Qarabağda olmuşam və hər dəfə burada yeni nəsə görürəm. Azərbaycan hökuməti bərpa işlərinə böyük vəsait yatırıb və işlər yüksək peşəkarlıq səviyyəsində aparılır. Burada evlər, qəsəbələr, xəstəxanalar və yeni beynəlxalq magistral yollar inşa edilir".
Diplomat həmçinin vurğulayıb ki, Səudiyyə Ərəbistanı postmünaqişə dövründə Qarabağın dinamik inkişafını görməyə şaddır: "Azərbaycan və Səudiyyə Ərəbistanı qardaş ölkələrdir və biz müharibədən sonra Qarabağın inkişafını məmnuniyyətlə izləyirik".