AZ

“Bu gərginlik Türkiyə-İsrail münasibətlərini müharibə müstəvisinə gətirməyəcək, lakin...”

“Həqiqət budur ki, bu gün də münasibətlər düzəlməyib və yaxın gələcəkdə də sərt rəqabət şəklində qalacaq...”
 
“Regionda təhlükəsizlik və strateji maraqların üst-üstə düşməməsi tərəflər arasında diplomatik manevr imkanlarını məhdudlaşdırır...”
 
Beynəlxalq məsələlər üzrə siyasi analitik, siyasi elmlər üzrə fəlsəfə doktoru Teymur Qasımlı Moderator.az-a açıqlamasında bildirib ki, Türkiyə-İsrail münasibətləri İsrail dövləti yarandığı dövrdən bu günə kimi zaman-zaman həm gərgin, həm də normal, bəzən də yaxşı olub. Onun sözlərinə görə, münasibətlərin vəziyyəti əsasən İsrail-Fələstin məsələsindən asılı olub.
 
“Rəcəb Tayyib Ərdoğan iqtidarına qədər Türkiyə praqmatik siyasət yürüdüb və İsraillə iqtisadi-ticarət əlaqələrini qoruyub. Lakin məlum “Mavi Mərmərə” hadisəsindən sonra münasibətlər ciddi şəkildə gərginləşib. Bilirsiz ki, 31 may 2010-cu ildə İsrail hərbçiləri “Mavi Mərmərə” adlı humanitar gəmiyə hücum edib. Gəmi Qəzza zolağına humanitar yardım daşıyırdı. Olay nəticəsində Türkiyə vətəndaşları da daxil olmaqla 9 nəfər həlak olmuş, bir çox insan yaralanmışdı... Sonrakı dövrdə müəyyən diplomatik addımlar nəticəsində əlaqələr normallaşıb, amma İsrail-Fələstin qarşıdurmaları və  “HƏMAS”-ın 2023-cü ilin oktyabrında İsrailə son hücumuna cavab olaraq İsrailin Fələstin-Qəzza ərazisindəki dinc əhaliyə qarşı iki ilə yaxın müddətdə apardığı soyqırım münasibətləri yenidən gərginləşdirib,” – alim vurğulayıb.
 
O, qeyd edib ki, hazırkı vəziyyətdə tərəflər arasında iqtisadi və siyasi əlaqələr əhəmiyyətli dərəcədə zəifləyib və diplomatik vasitəçilik, əsasən Azərbaycan vasitəsilə aparılsa da, son hadisələr bu prosesə mənfi təsir göstərib. Eyni zamanda, ABŞ və İsrail-İran münaqişəsinin gərginləşməsi və hərbi əməliyyatlar müstəvisinə keçməsi Türkiyə-İsrail münasibətlərinə əlavə təzyiq yaradır. Analitik bildirib ki, regionda təhlükəsizlik və strateji maraqların üst-üstə düşməməsi tərəflər arasında diplomatik manevr imkanlarını məhdudlaşdırır. Bu kontekstdə, Türkiyə İsrail ilə münasibətləri balanslaşdırmaqda çətinlik çəkir və gərginliklərin uzunmüddətli olacağı ehtimalı yüksəkdir.
 
Qasımlı həmçinin diqqətə çatdırıb ki, Ərdoğan iqtidarının “HƏMAS”-a dəstək verməsi və hər tərəfə qarşı açıq mövqe tutması münasibətlərdə gərginliyin əsas səbəblərindən biridir. 
 
“Hesab edirəm ki, hər iki lider daxili publika üçün bu məsələləri istifadə edir. Bildiyiniz kimi, Netanyahunun durumu hazırda çox gərgindir. Qarşıdan seçkilər gəlir və onun hakimiyyəti itirməsi ehtimalı çox böyükdür. Türkiyə cəmiyyətində isə məsələnin həssaslığı, ölkənin müsəlman dövlət olması və İsrailə qarşı münasibətlərin ictimai rəyə təsiri böyükdür,” – deyə analitik bildirib.
 
Teymur Qasımlının fikrincə, bu gərginlik Türkiyə-İsrail münasibətlərini müharibə müstəvisinə gətirməyəcək, lakin sərt rəqabət şəklində davam edəcək: “Həqiqət budur ki, bu gün də münasibətlər düzəlməyib və yaxın gələcəkdə də sərt rəqabət şəklində qalacaq.”
 
Sultan Laçın
 
Seçilən
3
1
moderator.az

2Mənbələr