AZ

“İctimai proseslər media müstəvisində”

Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi keçirilib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, MEDİA-nın və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu” mövzusunda silsilə məlumatlandırma sessiyaları təşkil olunub.

O vurğulayıb ki, müstəqillik illərində Ulu öndərin müəllifi olduğu quruculuq xətti dövlətimizin qüdrətini və xalqımızın estetik zövqünü bütün dünyaya nümayiş etdirib: “Ulu öndərin şəhərsalma vizyonunun bu gün beynəlxalq səviyyədə təsdiqini tapmasının ən mühüm nümunələrindən biri də WUF13-ün Bakıda keçirilməsi ilə bağlı qəbul edilən qərardır. WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bu gün ictimai proseslərin böyük hissəsinin məhz rəqəmsal mühitdə baş verdiyinə diqqət çəkib. Onun sözlərinə görə, media və ictimai proseslər artıq yalnız xəbər istehsalı deyil, məlumatın sürəti, texnoloji platformalarla təhlükəsiz mühitdə ötürülməsidir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov rəqəmsal platformaların əhalinin əksəriyyəti üçün əsas informasiya kanallarına çevrildiyini deyib. O qeyd edib ki, Azərbaycan əhalisinin 94,6 faizinin şəhərlərdə, 82,1 faizinin kəndlərdə internetə çıxışı var. Bu, dünya üzrə orta göstəricidən xeyli yüksəkdir”, - deyə F.Qurbanov vurğulayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov isə vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilən dövlətçilik strategiyası ölkəmizin bütün sahələrində, o cümlədən şəhərsalma və memarlıq istiqamətində sistemli və dayanıqlı inkişafın əsasını qoyub. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

***

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" III Forumu çərçivəsində rəqəmsal mühitin yaratdığı risklər və zərərli informasiyaya qarşı mübarizə yolları diqqət mərkəzində olub. "Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə" adlı panel sessiyada dövlət qurumlarının rəsmiləri kibertəhlükəsizlik, rəqəmsal savadlılıq və uşaqların virtual mühitdə müdafiəsi istiqamətində vacib məqamlara toxunublar.

Elm və Təhsil Nazirliyinin rəsmisi Ayla Həsənova-Məmmədova çıxışında rəqəmsal təhlükəsizliyin artıq təhsilin ayrılmaz bir komponentinə çevrildiyini vurğulayıb. O qeyd edib ki, məktəblərdə rəqəmsal savadlılığın artırılması üçün xüsusi struktur yaradılıb və sistemli layihələrə start verilib: “İnfrastrukturun genişləndirilməsi nəticəsində ölkədəki 4400 məktəbdən 2500-dən çoxu artıq internetlə təmin olunub. Ümumtəhsil müəssisələrinin 90 faizindən çoxu qlobal şəbəkəyə çıxış imkanı qazanıb”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov çıxışında qeyd edib ki, uşaqların müdafiəsi ilə bağlı Azərbaycanda 11 qurum çalışır: "Bəzi risklər var ki, hökumət tək onun qarşısını ala bilmir. Bu, reallıqdır. Uşaqlar üçün sosial şəbəkələrdə risklər var. Bəzi ölkələr artıq bununla bağlı məhdudiyyətlər tətbiq etməyə başlayıb".

Dövlət Komitəsi rəsmisinin sözlərinə görə, qadınlara qarşı teleqram və digər sosial şəbəkələrdəki risklər yarandıqda, aidiyyəti qurumlar problemi birlikdə həll edir. O, sözügedən məsələ ilə bağlı medianın fəaliyyətinə toxunaraq bildirib ki, gender əsaslı zorakılıq növlərindən çəkinmək lazımdır: "Cinayət işi bitməyənədək ad, soyad, yetkinlik yaşına çatmayan şəxs barəsində məlumatlarda diqqətli olmaq lazımdır. "Qadın oğru" kimi ifadələr işlədilən xəbər başlıqlarına rast gəlinir. Bu, diskriminasiyadır. Təəssüf ki, bəzi media orqanlarında bundan reklam vasitəsilə istifadə edilir. Bizim üçün prioritet ailə, qadın və uşaqlardır".

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və təhqiqat sektorunun müdiri Esmira Qasımova vurğulayıb ki, müxtəlif sosial platformalarda uşaqlar, böyüklər kiberbullinqə məruz qala bilir: "Buna qarşı ən güclü mübarizə isə maarifləndirmədir. İnsana texnologiya yox, insan hücum edir. Qurumlararası əməkdaşlıq önəmlidir, xüsusilə də media sahəsində. Burada ailə institutlarının da üzərinə böyük məsuliyyət düşür, onlar nəzarətçi, bələdçi olmalıdır".

Panel sual-cavabla davam etdirilib.

N.ETİBAROĞLU
XQ

Seçilən
26
xalqqazeti.az

1Mənbələr