AZ

Turistlər niyə bölgələrə üz tutmur?

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda turizm axınının əsas istiqaməti daha çox paytaxt Bakıya yönəlir.

Rəsmi statistik göstəricilər də bunu təsdiqləyir. 2025-ci ilin ilk 9 ayında ölkəyə gələn xarici turistlərin böyük hissəsi, təxminən 80 % istirahət üçün Bakını seçib.

Bölgələr isə ümumi turist axınının cəmi 20 % cəlb edə bilib. Bu rəqəmlər regionların turizm baxımından hələ də paytaxtla müqayisədə geri qaldığını açıq şəkildə göstərir.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycanda turizmin Bakıya daha çox yönəlməsi sadəcə turistlərin seçimi ilə bağlı deyil, daha əsaslı səbəbləri olan bir vəziyyətdir.

İlk növbədə, bu vəziyyətin əsas səbəbi mərkəzləşmiş turizm modelidir. Ölkəyə gələn turistlərin böyük hissəsi Bakıya birbaşa enir və səyahət planı da çox vaxt paytaxt ətrafında qurulur.

Tur operatorları da daha çox Bakıya fokuslanır, çünki burada xidmət infrastrukturu daha stabil və proqnozlaşdırılandır. Buna görə də regionlar ikinci planda qalır. Problem bölgələrin zəif olmasında yox, onların az tanıdılmasındadır. Yəni Şəki, Quba, Lənkəran, Qəbələ kimi yerlər gözəldir, amma xarici turistlər bu bölgələr haqqında kifayət qədər məlumat almır. Reklam və tanıtım zəifdir.

Bu tendensiya davam edərsə, regionların iqtisadi inkişafında turizmin rolu zəifləyə bilər. Halbuki düzgün planlaşdırma ilə bölgələr həm yerli, həm də xarici turistlər üçün cəlbedici məkana çevrilə bilər. Xüsusilə dağ turizmi, ekoturizm, kənd turizmi və mədəni irsə əsaslanan marşrutların inkişafı bu balanssızlığı azalda bilər.

Problemin həlli üçün ilk növbədə bölgələrdə turizm infrastrukturu gücləndirilməlidir. Yəni yollar yenilənməli, kənd və rayonlara rahat nəqliyyat imkanları yaradılmalı, keyfiyyətli otel və qonaq evlərinin sayı artırılmalıdır. Eyni zamanda, restoranlar və ümumi xidmət sahələri də turist qəbuluna uyğun səviyyəyə gətirilməlidir ki, bölgəyə gələn qonaq çətinlik çəkməsin.

Bundan başqa, xidmət keyfiyyəti yüksəldilməlidir. Turizm sahəsində çalışan insanlar üçün təlimlər keçirilməli, bələdçilər daha peşəkar hazırlanmalıdır.

Turistlərlə işləyən hər kəsin davranışı və xidmət mədəniyyəti vahid standartlara uyğun olmalıdır.Eyni zamanda, beynəlxalq tanıtım işləri gücləndirilməlidir. 

Regionların təbiəti, tarixi və mədəniyyəti sosial şəbəkələrdə, turist saytlarında və beynəlxalq platformalarda daha aktiv şəkildə təqdim olunmalıdır. İnsanlar Azərbaycana gəlməzdən əvvəl bölgələr haqqında məlumat əldə etməlidir. Bununla yanaşı, turizm marşrutları yenidən qurulmalıdır. Turistlərə yalnız Bakı deyil, bölgələri də əhatə edən hazır səyahət paketləri təklif olunmalıdır.

Məsələn, Bakıdan başlayıb Şəki, Qəbələ, Quba və ya Lənkəran kimi istiqamətləri birləşdirən planlar hazırlanmalıdır ki, turist rahat şəkildə ölkəni daha geniş şəkildə gəzə bilsin. Bu addımların həyata keçirilməsi turizmin inkişafı üçün çox vacibdir. Bu, həm bölgələrin inkişafına kömək edər, həm də turistlərin ölkəni daha geniş şəkildə tanımasına şərait yaradar.

Gülər Həsənli 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr