AZ

Səfir Aleksandr Esaulenko: Qazançı kilsəsi təkcə qorunmayıb, həm də əvvəlki vəziyyətindən daha yaxşı şəkildə bərpa olunub VİDEO

Laçın, 2 may, AZƏRTAC

Azərbaycanda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, xüsusilə məcburi köçkünlərin qayıdışı, infrastrukturun yenidən qurulması və mədəni irsin bərpası diplomatik korpus tərəfindən yüksək qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko bildirib.

Diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə 21-ci səfərində iştirak edən səfir vurğulayıb ki, Qarabağda aparılan işlər, o cümlədən yolların, tunellərin və digər mühüm infrastruktur layihələrinin icrası heyranlıq doğurur: “Azərbaycan rəhbərliyinin məcburi köçkünlərin qayıdışına və bölgənin bərpasına göstərdiyi həssas və diqqətli yanaşması təqdirəlayiqdir”.

Diplomat Şuşada həyata keçirilən layihələrə də toxunaraq yeni məscidin tikintisini və onun 70 metr hündürlüyündə minarələrini xüsusi vurğulayıb: “Bu məscid Şuşanın incilərindən birinə çevriləcək”.

O, həmçinin Qazançı kilsəsində olduğunu, aparılan bərpa işlərini yüksək qiymətləndirdiyini deyib: “Şuşada yerləşən Qazançı kilsəsi təkcə qorunmayıb, həm də əvvəlki vəziyyətindən daha yaxşı şəkildə bərpa olunub. Bu, Azərbaycan rəhbərliyinin mədəni irsə münasibətinin bariz nümunəsidir”.

Səfir işğaldan azad edilmiş ərazilərdə mina təmizləmə prosesinin çətin və uzunmüddətli olduğunu qeyd edərək bildirib ki, bütün risklərə baxmayaraq, bu işlərin sistemli şəkildə aparılması bölgəyə normal və təhlükəsiz həyatın qayıtmasına imkan yaradır.

Moldovanın Azərbaycanla əməkdaşlıq perspektivlərinə toxunan diplomat bildirib ki, iki ölkə arasında mədəni mübadilə və mədəni irsin bərpası sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Ceyhun Mustafayev
Seçilən
32
2
azertag.az

3Mənbələr